"Balıq yüksək risk qrupuna aid məhsul olduğu üçün mütləq şəkildə bir sıra qaydalara əməl etməliyik. Alarkən ilk növbədə onun təzəliyinə diqqət etmək lazımdır. Təzə balığın qoxusu kəskin, xoşagəlməz olmamalıdır. Həmçinin gözləri aydın və parlaq, qəlsəmələri təmiz, qırmızımtıl görünməlidir".
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
.jpg)
Ekspert bildirib ki, balığın əti bərk və elastik olmalıdır. Barmağımızla yüngül basdıqda ət əvvəlki formasına qayıdarsa, bu təzəlik göstəricisidir. Əksinə kəskin, turşumuş qoxu, bulanıq, çökmüş gözlər, yumşalmış ət balığın təzə olmadığının göstəricisidir:
"Yüksək risk qrupuna aid məhsul olduğundan harada, hansı şəraitdə satılması da vacibdir. Balıq sərin şəraitdə, xüsusilə buz üzərində saxlanılmalıdır. Günəş altında, isti mühitdə saxlanılan balığı almamalıyıq. Dondurulmuş balıq aldıqda qablaşdırmanın bütöv olmasına, məhsulun dəfələrlə dondurulub-açılması əlamətlərinin olmamasına diqqət etməliyik.
Balıq alarkən satış yerinin ümumi gigiyenasına, məhsulun saxlanma şəraitinə, çiy balığın digər hazır qidalardan ayrı saxlanılmasına da fikir verməliyik. Sağlam qidalanma baxımından balıq yaxşı zülal mənbəyidir və omeqa 3 yağ turşuları ilə zəngindir. Balıq seçərkən civə məsələsini də nəzərə almaq lazımdır. Böyük və uzunömürlü bəzi balıqlarda civə daha çox yığıla bilər. Buna görə müxtəlif balıq növlərindən istifadə etmək, mümkün olduqda civə səviyyəsi daha aşağı olan növlərə üstünlük vermək daha yaxşı olar. Ümumi olaraq balıq aldığımız zaman məhsulun təzəliyi, saxlanma və satış şəraiti, həmçinin seçilən balığın qida xüsusiyyətlərini nəzərə almalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB