“Azərbaycan 2027-ci ildə UNAOC-un Qlobal Forumuna ev sahibliyi edəcək” - Ramin Məmmədov
Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) növbəti Qlobal Forumuna ev sahibliyi edəcək. Ölkəmiz dini və mədəni müxtəlifliyə hörmətin, qarşılıqlı anlaşmanın və multikultural dəyərlərin beynəlxalq səviyyədə təşviqini dəstəkləyir.
SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiyada deyib.
O bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycan üçün yalnız beynəlxalq tərəfdaş deyil, həm də ümumi dəyərlərin təşviqi istiqamətində uzun illərdir əməkdaşlıq etdiyi etibarlı müttəfiqdir. Azərbaycan Alyansın mədəniyyətlər və icmalar arasında ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində fəaliyyətinə yüksək qiymət verir.
R.Məmmədov qeyd edib ki, Azərbaycan ötən illər ərzində dini və mədəni müxtəlifliyə hörmətin, qarşılıqlı anlaşmanın və multikultural dəyərlərin təbliğində fəal iştirak edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” çərçivəsində ölkəmiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarına, UNAOC-un Qlobal Forumuna və Dünya Dini Liderlərinin Sammitlərinə ev sahibliyi edib.
Komitə sədri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Moratinosun qlobal dialoqun inkişafındakı xidmətlərini də yüksək qiymətləndirib. Onun BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi təyin edilməsini dini dözümsüzlük və ayrı-seçkiliyə qarşı beynəlxalq səylərin əhəmiyyətli istiqamətlərindən biri kimi dəyərləndirib.
R.Məmmədov vurğulayıb ki, islamofobiya, nifrət nitqi və ayrı-seçkiliyə qarşı mübarizə beynəlxalq həmrəylik və vahid mövqe tələb edir. Azərbaycanın bu istiqamətdə BMT-nin müvafiq təşəbbüslərini, o cümlədən antisemitizmlə mübarizə üzrə fəaliyyət planını və islamofobiya ilə mübarizə üzrə fəaliyyət planının hazırlanmasına yönəlmiş səyləri dəstəklədiyini bildirib.
O əlavə edib ki, Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq çərçivəsində qlobal həmrəyliyin və strateji dialoqun gücləndirilməsinə töhfə verməyə davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB