“Dini ayrı-seçkiliyin bütün formalarını qətiyyətlə rədd etməliyik” - Sərdar Məhəmməd Yusif

“Dini ayrı-seçkiliyin bütün formalarını qətiyyətlə rədd etməliyik” - Sərdar Məhəmməd Yusif

İslamofobiyanın və dini ayrı-seçkiliyin bütün formalarının qətiyyətlə rədd edilməsi vacibdir. Heç kim dini kimliyinə görə nifrət və ədalətsizliklə üzləşməməlidir.

SİA xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Dini İşlər və Dinlərarası Harmoniya üzrə federal naziri Sərdar Məhəmməd Yusif Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Dinlərin dialoqu: Ortaq gələcəyə yol xəritəsi” panel sessiyasında deyib.

O bildirib ki, rəqəmsal mediadan məsuliyyətlə istifadə edilməli, nifrət nitqi və yanlış məlumatların yayılmasına qarşı mübarizə aparılmalıdır. Nazir qadınların və gənclərin sülh quruculuğu təşəbbüslərində fəal iştirakının vacibliyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, gənclərə tolerantlıq, qarşılıqlı hörmət və məsuliyyətli vətəndaşlıq prinsipləri aşılanmalıdır.

Sərdar Məhəmməd Yusifin sözlərinə görə, dialoq yalnız çıxış və bəyanatlarla məhdudlaşmamalı, hökumətlər, dini qurumlar, təhsil təşkilatları və vətəndaş cəmiyyəti arasında praktiki əməkdaşlığa çevrilməlidir. Mədəni mübadilə, akademik əməkdaşlıq və dini liderlər arasında müntəzəm təmaslar etimada və qarşılıqlı hörmətə əsaslanan davamlı münasibətlərin qurulmasına töhfə verə bilər.

Nazir forumun təşkilinə görə Azərbaycanın hökumətinə və xalqına təşəkkürünü bildirib, sülh, harmoniya və ədalətin bəşəriyyətin ortaq məqsədləri olduğunu vurğulayıb.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə