Bağlantıların və dəhlizlərin genişləndirilməsi region və Azərbaycan üçün vacib məqamlardandır - ŞƏRH EDİLDİ
Azərbaycan Prezidenti VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı toxunduğu məsələlərdən biri də nəqliyyat bağlantıları ilə əlaqədar idi. Sözsüz ki, bağlantıların və dəhlizlərin genişləndirilməsi region və Azərbaycan üçün vacib məqamlardandır.
Bu sözləri SİA-ya deputat Vüqar Bayramov deyib.

O bildirib ki, Tramp yolu, xüsusilə, Zəngəzur dəhlizinin elementlərindən biridir. Zəngəzur dəhlizinin reallaşması fonunda Tramp yolunun da daha qısa müddətdə çəkilməsinə ehtiyac var. Bu, bir tərəfdən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına imkan yaradacaq:
“Bu, Azərbaycanda fəaliyyət göstərən sahibkarların öz məhsullarını ölkə daxilində daşıması baxımından da vacibdir. Eyni zamanda, Azərbaycanın əsas hissəsi vasitəsilə ixrac imkanlarını artıracaq. Tramp yolu Azərbaycanın öz məhsullarını digər alternativ marşrutlarla — Bakı-Tbilisi-Qars və Gürcüstan üzərindən keçən yollarla yanaşı, əlavə istiqamət vasitəsilə Türkiyə və Avropa bazarlarına çıxarmasına dəstək ola bilər.
Təbii ki, Tramp yolu mövcud marşrutları əvəz edən alternativ deyil, nəqliyyat dəhlizlərinin genişlənməsinə əlavə dəstəkdir.
Cənab Prezident tərəfindən Azərbaycanda beynəlxalq daşımaların həcminin artırılması ilə bağlı hədəf müəyyənləşdirilib. Hazırda Azərbaycan üzərindən daşınan yüklərin həcmi 16 milyon tondur və bu göstəricinin 25 milyon tona çatdırılması qarşıya qoyulan hədəflərdəndir.
Bu hədəfin reallaşması Azərbaycanın beynəlxalq daşımalarından əldə etdiyi gəlirin 3,3 milyard manatdan 5 milyard manata yüksəlməsinə də gətirib çıxara bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB