"Ucuz qiymətə satılan hər məhsul təhlükəsiz və keyfiyyətli deyil" - QİDA EKSPERTİ

"Ucuz qiymətə satılan hər məhsul təhlükəsiz və keyfiyyətli deyil" - QİDA EKSPERTİ

"Ət və ət məhsullarının, süd və süd məhsullarının, o cümlədən göbələklərin, eləcə də ev şəraitində hazırlanaraq müxtəlif plastik qablarda qablaşdırılan məhsulların bazarlarda uyğun olmayan şəraitdə satılması sonda istehlakçıların sağlamlığına zərər vura bilər".

Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, bu gün bazarlarda və müxtəlif pərakəndə satış məntəqələrində, xüsusilə sovet dövründən qalma ticarət ənənələrini xatırladan yerlərdə pendirin, yağın və təzə kəsilmiş toyuq adı ilə satılan məhsulların açıq havada, toz-torpaq içində, yol kənarlarında satışına rast gəlirik. Belə çirklənməyə məruz qalan məhsulların alıcıya və istehlakçıya hansı faydası ola bilər? Qəti şəkildə bildirirəm ki, bunun heç bir faydası yoxdur. Əksinə, belə hallar istehlakçıların zəhərlənməsinə, müxtəlif fəsadların yaranmasına və sağlamlıqlarının təhlükə altına düşməsinə səbəb ola bilər. Bütün bunlar antisanitar vəziyyətdən və gigiyenik normalara uyğun olmayan satış şəraitindən irəli gəlir:

"Bu məsələdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mövqeyi qəti olmalıdır. Agentlik yalnız xəbərdarlıq etməklə kifayətlənməməli, qanunvericiliyə uyğun tədbirlər görməlidir. Eyni zamanda, hər şeyi AQTA-nın üzərinə atmaqla özümüzü məsuliyyətdən kənarlaşdıra bilmərik.

Bu gün istehlakçılar sanki bir-biri ilə yarışa giriblər. Bəzi satıcılar yol kənarında, ayaq altında, uyğun olmayan şəraitdə məhsulları bir qədər ucuz qiymətə satışa çıxarırlar. Qiymətin ucuz olduğunu görən insanlar həmin məhsulları almaq üçün növbələr yaradırlar. Bu mənzərə ətrafdakı digər insanları da həmin məhsullara yönəldir. Halbuki məhsulun ucuz olması onun keyfiyyətli və təhlükəsiz olması demək deyil.

Bütün bunları nəzərə alaraq bir daha vurğulayıram ki, zərər çəkən tərəf məhz alıcılar və istehlakçılar olur. Antisanitar şəraitdə, gigiyenik qaydalara əməl etmədən məhsul satan şəxslər, əsasən, qazanc əldə etməyi düşünürlər. Onlar bu qazancın arxasında insanların, xüsusilə də uşaqların sağlamlığının təhlükə altına düşə biləcəyini nəzərə almırlar. Belə hallarda onların əsas məqsədi yalnız pul qazanmaq olur.

İstehlakçılar məhsul alarkən ilk növbədə onun markalanmasına diqqət yetirməlidirlər. Markalanması düzgün olmayan, sanitar-gigiyenik tələblərə cavab verməyən məhsulları qətiyyən almamalıdırlar.

Burada bir məqamı da xüsusi vurğulamaq istəyirəm. Bəzən alıcılar müəyyən məhsulları almaq üçün uzun növbələr yaradırlar. Bu isə ətrafdakı insanlarda həmin məhsulun keyfiyyətli və təhlükəsiz olduğu təəssüratını formalaşdırır. İnsanlar düşünürlər ki, bu qədər adam həmin məhsulu alırsa, deməli, orada heç bir problem yoxdur, məhsul təmizdir və gigiyenik normalara uyğundur.

Cəmiyyətimizdə belə bir yanaşma da mövcuddur: qonşu hansısa məhsulu alırsa, deməli, həmin məhsulda problem yoxdur. Bir insanın müəyyən məhsulu alması və istifadə etməsi digərləri üçün sanki nümunəyə çevrilir. Lakin bu, qətiyyən düzgün yanaşma deyil.

Bu məsələdə ictimai mövqe formalaşmalıdır. İnsanlar belə hallara qarşı öz münasibətlərini ortaya qoymalıdırlar. Məhsul satan şəxslər də bilməlidirlər ki, satdıqları məhsulla bağlı problem yarandıqda cəmiyyət onları qınayacaq və onlar məsuliyyət daşımalı olacaqlar. Təəssüf ki, bu gün cəmiyyətimizdə bəzi insanlar həmin işbazları qınamaq əvəzinə, əksinə, onların fəaliyyətinə şərait yaradırlar".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə