Azərbaycanda doğum səviyyəsinin azalması: ailələrin uşaq sahibi olmaq qərarına necə təsir edir? - PSİXOLOQ AÇIQLADI
Azərbaycanda ailələrin maddi imkanları, mənzil problemi, məşğulluq çətinlikləri və gələcəklə bağlı narahatlıqlar uşaq sahibi olmaq qərarına təsir göstərən əsas amillər sırasındadır. Son illərdə doğum sayının azalması isə ölkənin gələcək demoqrafik vəziyyəti ilə bağlı suallar yaradır.
Bəs ailələrin gəlir səviyyəsi ilə uşaq sayı arasındakı fərq hansı sosial, iqtisadi və psixoloji səbəblərlə bağlıdır və bu tendensiya gələcəkdə hansı nəticələrə gətirib çıxara bilər?
Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, bəzi oğlanlar deyirlər ki, anam evlənməyimi istəyir:
"Amma bir qızla oturub danışanda görürəm ki, o, məndən hər şeyi istəyir: nişan da istəyir, xına da istəyir, davullu-zurnalı gəlingətirmə mərasimi də istəyir. Bunların hər birisini ölçüb-biçəndə, Aytən xanım, görürəm ki, maddi resurslarım buna imkan vermir.
Maddi resurslarım imkan vermədiyi halda, ailə qurmaqdan imtina edirəm. Eyni zamanda, gənc ailələrin gəlir səviyyəsi ilə uşaq sayı arasında da müəyyən əlaqə var. Artıq hər kəsin düşüncəsində belə bir fikir formalaşıb: bir övladım olsun, onu istədiyim kimi böyüdüm. Hər kəs dərhal düşünür ki, uşaq üçün dayə tutmalıdır.
Məsələn, 600 manat əməkhaqqı alır, amma dayəyə 800 manat verməli olur. Beləliklə, ailələr arasında, qohumlar və valideynlər arasında borclanma yaranır. Qızın anası kömək etmədi, oğlanın anası kömək etmədi — halbuki hər kəs əl-ələ verməli, gənc ailəyə dəstək olmalıdır.
Bunun əvəzinə, iki-üç, hətta dörd-beş nəfərin ailəyə müdaxiləsi nəticəsində münasibətlər gərginləşir və ailə tədricən dağılmağa doğru gedir. Burada bir neçə psixoloji məqam var. İnsanlar başqalarının gözləntilərinə uyğun yaşamağa çalışırlar. Hər kəs düşünür ki, özüm üçün yaşayıram və insanlar məni olduğum kimi qəbul edəcəklər. Amma reallıqda belə deyil. Bəzən insanın hansı hədiyyəni apardığına, hansı xonçanı hazırladığına görə ona münasibət göstərilir. Bu da, ilk növbədə, ailə qurmaqla bağlı xərcləri nəzərəçarpacaq dərəcədə artırır.
Məsələn, bir qızın elçiliyinə gələndə, hətta konfet gətirilsə belə, onun Belçika şokoladı olub-olmaması müzakirə edilir. Deyilir ki, rəfiqəmə elçiliyə gələndə bunu gətirmişdilər, mənə isə gətirmədilər. Bu kimi problemlər evliliklə bağlı düşüncəni o qədər qorxulu hala gətirir ki, 28, 29, 30, hətta 35 yaşına çatan oğlanlar belə ailə qurmaq istəmirlər. Hətta sevməyə belə özlərinə qadağa qoyurlar. Bu yaxınlarda bir neçə gənclə qarşılaşmışam. Onlar deyirlər: “Aytən xanım, sevsəm də, niyə həmin qızın adına söz çıxarım? Onsuz da maddi imkanım buna imkan vermir. Başa düşürəm ki, qızın da öz gözləntiləri var. Qrup yoldaşıdır, oturub söhbət edirik, görürəm ki, o da məndən bunları gözləyir. Amma bunları edə bilməyəcəyimi biləndə düşünürəm ki, bu münasibətin nə mənası var?"
Deməli, gələcəklə bağlı tendensiyalar artıq bu gündən özünü göstərir. Ailələrin gəlir səviyyəsi ilə uşaq sayı arasındakı əlaqəyə baxanda görürük ki, insanlar ailə qurmaq qərarı verərkən belə, gələcəkdə neçə uşaqlarının olacağını da düşünürlər.
Bəzi ailələr gələcəkdə özlərinə müəyyən biznes imkanları yaratmağı düşünürlər ki, övladlarını özəl bağçalara və özəl məktəblərə göndərə bilsinlər. Artıq əlimizdə konkret faktlar var. Ona görə də 20-30 il əvvəl formalaşmış ümumi psixoloji yanaşmalar üzərindən danışmayaq. Gəlin, müşahidə etdiyimiz real məqamlara diqqət yetirək. İnsan sosial çətinliklərlə üzləşəndə, onun bioloji və sosial varlıq kimi xüsusiyyətləri də nəzərə alınmalıdır. İnsan sosial varlıq olaraq öz məsuliyyətləri ilə bağlı suallara cavab verə bilmirsə və ya düşüncəsində müəyyən qənaətlər formalaşdırıbsa, ona nə qədər desən də, ikinci və ya üçüncü uşağı istəməyəcək. Beləliklə, ailələrdə xaos və problemlər yaranır. Mövcud tendensiyalar göstərir ki, bu problemlər gələcəkdə də boşanmalara gətirib çıxara bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB