“Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz həmrəyliyini bütün dünyaya nümayiş etdirmişdir” - MİLLƏT VƏKİLİ
“8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı və əlamətdar günlərindən biridir. Bu tarixi Qələbə xalqımızın milli birliyinin, əzminin, qəhrəmanlığının və Vətənə olan sonsuz məhəbbətinin təntənəsidir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olmuşdur”.
Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Ülviyyə Həmzəyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan Ordusunun gücü, hərbi qulluqçularımızın igidliyi və xalqımızın birliyi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi mümkün olmuşdur:
”Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu Qələbə ölkəmizin tarixində yeni bir səhifə açmışdır.
Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz həmrəyliyini bütün dünyaya nümayiş etdirmişdir. Cəbhədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə əsgərlərimizə dəstək olan vətəndaşlarımız vahid məqsəd uğrunda birləşmişdilər. Şəhidlərimizin canı və qazilərimizin sağlamlığı bahasına əldə edilən bu Qələbə xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi müharibənin taleyində mühüm dönüş nöqtəsi olmuşdur. Bu hadisə Azərbaycan Ordusunun hərbi qüdrətini və əsgərlərimizin misilsiz qəhrəmanlığını bir daha sübut etmişdir. Şuşanın azad edilməsi Azərbaycanın tarixi və mədəni irsinin qorunması baxımından da xüsusi əhəmiyyət daşıyır.
Həmin gün əldə edilən tarixi uğur münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur.
Zəfər Günü yalnız hərbi Qələbənin deyil, həm də milli iradənin, dövlətçilik ənənələrinin və xalqımızın sarsılmaz birliyinin rəmzidir. Bu gün gənc nəslə Vətən sevgisinin aşılanması, şəhidlərimizin xatirəsinin yaşadılması və qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın öz torpaqlarına qayıdışı, şəhər və kəndlərimizin yenidən qurulması Qələbəmizin mühüm nəticələrindəndir.
8 Noyabr – Zəfər Günü xalqımızın qürur və iftixar mənbəyidir. Bu möhtəşəm Qələbə sübut etdi ki, milli birlik, güclü dövlətçilik və Vətənə bağlılıq ən böyük məqsədlərə çatmağın əsas şərtləridir. Azərbaycan xalqı qəhrəman şəhidlərinin əziz xatirəsini daim uca tutacaq, qazilərimizin fədakarlığını unutmayacaq və Zəfər tarixini gələcək nəsillərə ötürəcəkdir.
Biz hər birimiz Zəfərimizlə fəxr etməli, ölkə rəhbəri ətrafında sıx birləşməli və Zəfərimizə xələl gətirən heç bir yad manipulyasiyalara uymamalıyıq!
Zəfərimiz əbədidir!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB