Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
Bu dəfə futbol meydanında qərarları süni intellekt verib. Azercell-in dəstəyi və “AWS User Group Baku”nun təşkilatçılığı ilə keçirilən “AWS Agentic Football Cup” turnirində 32 komandanın hazırladığı süni intellekt agentləri virtual futbol matçlarında qarşılaşıb.
Dünyanın aparıcı texnologiya şirkətlərindən biri olan “Amazon Web Services” (AWS) mütəxəssislərinin mentorluğu ilə iştirakçılar beş süni intellekt agentindən ibarət virtual futbol komandaları hazırlayıblar. Bu agentlər oyun vəziyyətini təhlil edib, ötürmə, hücum və müdafiə ilə bağlı qərarlar verib. İştirakçılar isə matçların nəticələrini təhlil edərək proqramlarını və oyun strategiyalarını təkmilləşdiriblər. Mentorlar turnir boyu komandalara texniki yanaşmaların təkmilləşdirilməsi və bulud texnologiyalarından istifadə ilə bağlı dəstək göstəriblər.
Turnir tələbələrə, mühəndislərə və texnologiyaya maraq göstərən şəxslərə yeni bacarıqlar qazanmaq və təcrübə mübadiləsi aparmaq üçün effektiv platforma olub. Futbol rəqabətini proqramlaşdırma ilə bir araya gətirən bu format iştirakçılara yazdıqları kodun nəticəsini birbaşa oyunda görmək imkanı verib. Onlar süni intellekt agentlərinin dəyişən vəziyyətlərə necə reaksiya verdiyini sınaqdan keçirib, agent əsaslı həllərin hazırlanması və AWS bulud platformasında tətbiqi üzrə praktiki təcrübə qazanıblar. Yarışın sonunda üç qalib müəyyənləşib.
Bu layihəyə dəstək verməklə Azercell ölkədə süni intellekt sahəsində bilik və bacarıqların inkişafını təşviq edir. Məqsəd yerli texnologiya icmasını gücləndirmək və Azərbaycanın rəqəmsal ekosisteminin inkişafında fəal rol oynayacaq mütəxəssislərin yetişməsinə dəstək olmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB