VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilib - FOTOLAR

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilib - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş “Bakı Prosesi” qlobal təşəbbüsü çərçivəsində Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü başa çatıb.

SİA xəbər verir ki, builki forum “Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülər qurmaq” mövzusuna həsr olunub. Qlobal platforma Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və BMT-nin Ümumdünya Turizm Təşkilatının (UN Tourism) tərəfdaşlığı ilə təşkil edilib.

Forum çərçivəsində davamlı sülh, sivilizasiya diplomatiyası və mədəniyyətlərarası liderlik mövzularında plenar iclaslar, eləcə də turizm, yaradıcı sənayelər, qadınların, gənclərin və dinlərin qlobal dialoqda roluna həsr olunmuş panel sessiyaları keçirilib. Proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərə səfərlər də nəzərdə tutulub.

Forumun ikinci günündə “Bilik, söz haqqı və liderlik: ortaq gələcək naminə müxtəlif mədəniyyətlərdə qadınların və qızların imkanlarının genişləndirilməsi”, “Gənclərin dialoqu: təsirin ön plana çıxarılması”, “Dinlərin dialoqu: ortaq gələcəyə yol xəritəsi” və “Muzeylər və irs məkanları mədəniyyətlərarası dialoq məkanları kimi” mövzularında panel sessiyaları təşkil olunub.

Tədbir çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və BMT-nin Sivilizasiyalar Alyansının birgə təşkilatçılığı ilə “Dinlərarası dialoq: ortaq gələcəyə doğru yol xəritəsi” adlı plenar sessiya keçirilib. Sessiyada müxtəlif dinlərin və dini icmaların nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və mədəniyyətlərarası dialoq sahəsində tanınmış ekspertlər iştirak ediblər. Əsas məqsəd dözümlülük və birgəyaşayış mədəniyyətinin inkişaf etdirilməsi, ortaq dəyərlər əsasında qlobal sülhün və həmrəyliyin möhkəmləndirilməsi olub.

Sessiyanın açılışında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi, BMT-nin İslamofobiya ilə mübarizə üzrə xüsusi elçisi Migel Anxel Moratinos, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə çıxış ediblər.

Müzakirələr zamanı fərqli inanclar arasında etimad mühitinin gücləndirilməsi, ayrı-seçkiliyin bütün formalarına qarşı birgə mübarizə və dinlərin münaqişələrin qarşısının alınmasındakı rolu ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin qlobal çağırışların həllində mənəvi platformaların potensialı dəyərləndirilib, daha dinc və inklüziv gələcəyin qurulmasına yönəlmiş yanaşmalar müzakirə olunub.

Forum çərçivəsində keçirilən digər panel sessiyalarından biri “Muzeylər və irs qurumları inklüzivlik, dialoq və sosial birlik üçün iştiraka əsaslanan məkanlar kimi” mövzusuna həsr edilib. Panel muzeylərdə və irs məkanlarında mədəniyyətlərarası dialoq prinsiplərinin daha dərindən anlaşılması və onların praktik tətbiqinin dəstəklənməsi məqsədilə alimləri, mədəniyyət mütəxəssislərini və siyasətçiləri bir araya gətirib.

Sessiyada Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, Britaniya Muzeyinin İcma Tərəfdaşlığı Meneceri Jo-Anne Sunderland Bowe və Smitsonian Muzeyinin İzahlı Təqdimat, Öyrənmə və İctimai Proqramlar üzrə direktor müavini Nicole Dowd çıxış ediblər.

Müzakirələrdə muzeylərin və mədəni irs məkanlarının müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsində, mədəni müxtəlifliyin qorunmasında və sosial birliyin təşviqində rolu diqqətə çatdırılıb.

Forumun ikinci günü çərçivəsində digər panel sessiyaları və müzakirələr də keçirilib. Proqram başa çatdıqdan sonra VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi təşkil olunub.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə