Süni intellekt və ev tapşırıqları: Öyrənməyə kömək, yoxsa maneə? - EKSPERT AÇIQLADI
Şagirdlərin ev tapşırıqlarını süni intellektə həvalə etməsi onların bilik və bacarıqlarının inkişafı ilə bağlı ciddi suallar yaradır. Dərslərini müstəqil hazırlamaq, suallara cavab tapmaq üçün araşdırma aparmaq və qarşılaşdıqları çətinlikləri özləri həll etmək əvəzinə, hazır cavablardan istifadə edən şagirdlər öyrənmə prosesinin əsas mərhələlərini keçməyə bilərlər. Bəs bu nə dərəcədə düzgündür?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, süni intellektin kütləvi şəkildə yayılması və təhsilə nüfuz etməsi bütün dünyanı, xüsusilə də təhsil sahəsində inkişaf etmiş ölkələri narahat edir:
"Süni intellektin düzgün istifadəsinə yönəldilməsi vacibdir. Bilirsiniz, bu məsələlərlə bağlı UNESCO-nun aidiyyəti şöbələrindən biri təşəbbüs göstərib ki, süni intellektin idarə olunması və davranış qaydaları mütləq şəkildə insanların nəzarəti altında olmalıdır. Yəni müəllimlər də bu prosesdə rol almalıdırlar.
Çox təəssüf ki, bu gün təkcə Azərbaycan deyil, əksər ölkələr də belə bir problemlə üzləşiblər: süni intellekt artıq müəllimləri də qabaqlayıb. Hamı düşünürdü ki, süni intellekt ən son mərhələdə müəllimlərin işinə müdaxilə edəcək və onları əvəz etmək imkanı yaranacaq. Amma çox qəribədir ki, bu proses artıq əks istiqamətdə gedir.
Şagirdlərlə bağlı məsələyə gəldikdə isə, əlbəttə ki, burada çox mənfi bir tendensiya müşahidə olunur. Şagirdlər artıq müəllimlərin verdiyi tapşırıqları yerinə yetirməzdən əvvəl həmin mövzu ilə bağlı məlumatları süni intellektdən əldə edirlər. Süni intellekt bəzi hallarda düzgün informasiya verməsə belə, şagirdlər arasında artıq müəyyən asılılıq yaranıb. Sualların həlli yollarını və istiqamətini müəyyənləşdirmək üçün hazır planları süni intellektdən alırlar.
Bu da nəticədə onların düşünmə qabiliyyətinin zəifləməsinə, savad səviyyəsinin aşağı düşməsinə və real, interaktiv öyrənmə prosesindən kənarda qalmalarına gətirib çıxarır.
Bütün hallarda süni intellektin elmə, təhsilə və cəmiyyətimizə təsiri zərərsiz ötüşməyəcək. İnkişaf etmiş ölkələr artıq süni intellektin imkanlarından müəyyən sərhədlər çərçivəsində istifadə etmək təşəbbüsü ilə çıxış edirlər.
Amma düşünmürəm ki, bu, mümkün olacaq. Çünki bilirik ki, süni intellekt artıq o qədər sürətlə inkişaf edib və geniş yayılıb ki, bu texnologiya müəyyən mənada inkişafı dəstəkləməklə yanaşı, problemlər yaratması ilə də diqqət çəkir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB