Baş Prokurorluqda Yekaterinqburq hadisələri ilə bağlı brifinq keçirilib - YENİLƏNİB/FOTOLAR
İyulun 2-də Baş Prokurorluğun inzibati binasında Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasında işgəncələrə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı brifinq keçirilib. SİA xəbər verir ki, brifinqdə Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, Yekaterinburq şəhərində yaşayan Azərbaycan vətəndaşları Hüseyn və Ziyəddin Səfərov qardaşlarının Rusiyanın hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı işgəncələrə məruz qoyularaq öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən araşdırmalara başlanılıb: “İlkin araşdırma zamanı müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Milli Qvardiyasının Sverdlovsk vilayəti üzrə idarəsinin, Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş idarəsinin, Cinayət axtarış idarəsinin, Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Yekaterinburqda müxtəlif ünvanlarda yaşayan Azərbaycan vətəndaşları həmin ölkənin ərazisində əvvəlki dövrlərdə törədilmiş qəsdən adamöldürmə cinayətlərində iştirak etmələri şübhələri ilə saxlanılıblar. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumların əməkdaşları tərəfindən saxlanılan Azərbaycan vətəndaşlarına və azərbaycanəsilli şəxslərə bədənlərinin müxtəlif nahiyələrinə bərk küt əşyalarla çoxsaylı zərbə vurularaq, işgəncələrə məruz qoyulmaqla ağır xəsarətlər yetirilib”.
O qeyd edib ki, azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan 1966-cı il təvəllüdlü Hüseyn Səfərov aldığı çoxsaylı xəsarətlərdən elə həmin gün – iyunun 27-də saat 15 radələrində Yekaterinburq şəhərində daxili işlər orqanlarının inzibati binasında, onun qardaşı, 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov isə aldığı xəsarətlərdən səhər saatlarında əməliyyat qurumlarına məxsus xidməti avtomobildə daşınarkən ölüb: “İyunun 30-da zərərçəkmiş şəxslərin meyitləri Bakı şəhərinə gətirilib və ölümün səbəbinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza təyin edilib. Ekspertizanın rəylərinə əsasən, Ziyəddin Səfərovun ölümünə səbəb ona yetirilmiş çoxsaylı travma fonunda yaranmış posttravmatik şok, Səfərov Hüseynin ölümünə səbəb isə çoxsaylı travma fonunda yaranmış posttravmatik və posthemoragik şok olub”.
İstintaq idarəsinin rəisi diqqətə çatdırıb ki, hazırkı tarixə qədər Baş Prokurorluğun İstintaq İdarəsinə Rusiya Federasiyasının səlahiyyətli orqanları tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Yekaterinburq şəhərində işgəncələrə məruz qalmaları və xüsusi amansızlıqla qəsdən öldürülmələri ilə bağlı cinayət işinin açılması ilə əlaqədar hər hansı bir məlumat və ya beynəlxalq tapşırıq göndərilməyib: “Lakin Rusiyanın müvafiq qurumları hər bir halda ölüm faktı varsa, bu fakt əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanının binasında və yaxud onun nəqliyyat vasitəsində qeydə alınıbsa, məsələni mütləq araşdırmalıdır. Meyitlərlə bağlı Rusiyada müvafiq ekspertizalar keçirilib. Bu ekspertizaların keçirilməsi onu göstərir ki, Rusiyada da artıq araşdırmalara başlanılıb. Dövlət qurumlarının səlahiyyətli şəxsləri tərəfindən belə bir zorakılığın tətbiqi nəticəsində dilindən, dinindən, vətəndaşlığından, milliyətindən asılı olmayaraq, hər hansı bir şəxs işgəncələrə məruz qalaraq öldürülürsə, bu xüsusilə ağır cinayətdir. Bununla bağlı ilkin dəlillər və sübutlar bizim istintaqçılar tərəfindən toplanılıb və Rusiyanın aidiyyatı qurumlarına 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, beynəlxaq hüquqi yardım haqqında tapşırıq göndərilib. Həmin tapşırıqda da geniş və əhatəli şəkildə rusiyalı həmkarlarımızdan, Rusiyanın səlahiyyətli orqanlarından müvafiq istintaq hərəkətlərinin aparılmasını, materialların təqdim edilməsini, müvafiq ekspertizaların aparılmasını, baxışların keçirilməsini, sorğuların verilməsini, sənədlərin toplanmasını xahiş etmişik. Törədilmiş cinayətin obyektiv şəkildə istintaqının aparılması və bütün təqsirli şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Rusiyanın səlahiyyətli orqanları ilə qarşılıqlı təmas yaradaraq səylərimizi daha sürətli davam etdirəcəyik. Ümid edirik ki, bizim bu səylərimiz nəticə verəcək və təqsiri olan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq”, - deyə N. Əvəzov vurğulayıb.
İstintaq İdarəsinin rəisi, həmçinin 2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı aparılan istintaq tədbirlərindən də danışıb. N. Əvəzov xatırladıb ki, təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı cinayət işi başlanılıb və istintaq tədbirləri intensiv şəkildə davam etdirilir: “Hadisə ilə əlaqədar həm Azərbaycanda, həm də Qazaxıstanda müvafiq hüquq-mühafizə orqanları tərəfindən paralel araşdırmalar aparılır. Təyyarə qəzası ilə bağlı indiyədək təxminən 100-ə yaxın ekspertiza təyin edilib və onların əksəriyyəti artıq həyata keçirilib. Son günlərdə ekspertiza qrupunun bir hissəsi Qazaxıstana ezam olunaraq müvafiq qurumlarla birgə geniş və əhatəli müzakirələr aparıb. Hazırda ekspertizanın nəticələrinin toplanması və yekunlaşdırılması prosesi hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlığı çərçivəsində davam etdirilir. Gözlənilir ki, yaxın müddət ərzində nəticələr əldə olunacaq və ictimaiyyətə təqdim ediləcək”.
Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Azərbaycanın hansısa dövlətin daxili işlərinə qarışmaq niyyətində olmadığını bildirib: “Lakin proses zamanı bir və ya neçə Azərbaycan vətəndaşına qarşı xüsusi amansızlıq nümayiş etdirilirsə, onların hüquqları kütləvi şəkildə pozulursa, xüsusi amansızlıqla öldürülürsə, Azərbaycan dövlətinin və hüquq-mühafizə orqanlarının bu hadisəyə reaksiya verməsi vəzifə borclarımızdan biridir. Ölkə hüdudlarından kənarda Azərbaycan vətəndaşının, dövlətinin marağının mənafelərinə qarşı törədilən cinayət əməlləri hüquq-mühafizə orqanları tərəfindən cinayət qaydasında təqib edilir. Əgər belə şəxslər tərəfdaş çıxdığımız müqavilələrlə həmin dövlətlərdə məsuliyyətə cəlb edilməzsə, təbii ki, biz onların məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətdə zəruri tədbirləri görürük", - deyə o vurğulayıb.
Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov bildirib ki, Hüseyn və Ziyəddin Səfərov qardaşlarının ölümü ilə bağlı müxtəlif xəstəliklər göstərilsə də, hər iki şəxsin dəfn edilməsi üçün Azərbaycana gətirilmiş nəşləri Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən müayinə aparılması üçün ekspertizaya təqdim olunub: “Peşəkar həkim tibbi-ekspertlərinin, prokurorluğun vəzifəli şəxslərinin iştirakı ilə meyitlər müayinə edilib. Artıq bununla bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov tərəfindən ekspertizanın nəticələri açıqlanıb. Hər iki şəxsin meyitinin daxili və xarici müayinəsi zamanı çoxsaylı xəsarətlər, sümüklərin yerdəyişmiş sınıqları, daxili orqanların zədələnməsi halları aşkar edilib. Bu da həmin şəxslərin saxlanılma və daşınma zamanı geniş şəkildə fiziki zorakılığa məruz qaldıqlarını bir daha təsdiq edir. Ekspertizanın rəyinə əsasən, Səfərov qardaşlarının hər biri posttravmatik və posthemoragik şokdan vəfat ediblər ki, bu da çoxsaylı fiziki xəsarətlər nəticəsində baş verib”.
Baş Prokurorluğun Beynəlxalq Hüquqi Əməkdaşlıq İdarəsinin rəis müavini Samirə Nəcəfzadə çıxışında diqqətə çatdırıb ki, qəsdən adamöldürmə, işgəncə və qeyri-insani rəftar beynəlxalq müqavilələrin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır: “Həm Azərbaycan, həm də Rusiya bir çox beynəlxalq müqavilələrin və konvensiyaların üzvüdür. Bunlardan Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Konvensiyasını, “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq paktı”nı qeyd edə bilərik. Son hadisə zamanı bu konvensiya və paktların tələbləri pozulub. Bundan başqa, Avropa İnsan Hüquqları Konvensiyasını qeyd etmək olar. Azərbaycan hazırda da bu konvensiyanın üzvüdür. Rusiya isə 2022-ci ilə qədər sözügedən konvensiyasının üzvü olub. Bu konvensiyanın tələblərinə əsasən də, Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin hüquqları pozulub”, - deyə S. Nəcəfzadə vurğulayıb.
Brifinqdə jurnalistlərin sualları da cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə