Meyitlərə baxış zamanı çoxsaylı travmatik zədələr qeydə alınmışdır - Pərviz Cəlilov
Meyitlərə baxış zamanı onlarda çoxsaylı travmatik zədələr, müxtəlif dərəcəli sümükqırılmaları və digər zorakılıq əlamətləri müşahidə edilmişdir. SİA xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq İdarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı Baş Prokurorluqda keçirilmiş brifinq zamanı məlumat verib.
Onun sözlərinə görə, Rusiya KİV-lərində mərhumların ölümü ilə əlaqədar müxtəlif ehtimallar səsləndirilsə də, aparılmış məhkəmə-tibbi ekspertiza nəticəsində müəyyən olunmuşdur ki, onlar saxlanılarkən və daşınarkən çoxsaylı küt travmatik zədələr almışlar. Ekspertiza nəticələri göstərmişdir ki, məhz Hüseyn və Ziyəddin Səfərov qardaşlarının ölümünə səbəb bədənə yetirilmiş ağır travmalar fonunda inkişaf etmiş posttravmatik hemorajik və ya neyrogen şok vəziyyəti olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə