Lənkəranda 4 yeni məktəb binasının inşası başa çatır FOTOLAR

Son illər Lənkəranda 50-dən çox yeni məktəb binası tikilib. Hazırda rayonda 4 yeni məktəb binasının tikintisi və 2 məktəb binasının əsaslı təmir-bərpa işləri davam etdirilir. Bu il istifadəyə veriləcək məktəblərdən üçü rayon mərkəzinə yaxın olsa da, biri ucqar dağ kəndində yerləşir. SİA xəbər verir ki, təhsilin keyfiyyətinin artırılması və savadlı gələcəyin təmin olunması üçün respublikamızda yeni məktəb binalarının tikintisi işi sürətlə aparılır, ucqar kəndlərdə yeni təhsil ocaqları inşa olunur, qəzalı məktəblər isə əsaslı təmir edilir. Ölkəmizin bütün bölgələrini əhatə edən bu proses Lənkəranda da uğurla aparılır. 2003-cü ildən bəri Lənkəranda, ümumilikdə, 50-dək məktəb üçün yeni binalar tikilib, təmir-bərpa işləri aparılıb.

Lənkəran Şəhər Təhsil Şöbəsinin müdir müavini Güloğlan Bağırov bildirib ki, dünyada hazırkı pandemiya dövründə, inkişaf etmiş ölkələrin problemlər içərisində çabaladığı şəraitdə Azərbaycanda bütün dövlət proqramları uğurla həyata keçirilir. Məktəblərin, təhsil müəssisələrinin təmiri və tikintisi də onlardan biridir. Lənkəranda bu cəhətdən diqqətəlayiq işlər görülür. Belə ki, 2019-2020-ci tədris ilindən Lənkəranda 4 məktəb binasının tikintisinə başlanılıb. Bir modul tipli məktəb binasının tikintisi başa çatdırılıb. Bütün bu işlər Lənkəran təhsilinə böyük diqqətin göstəricisidir. Yeni məktəblərin inşası on minlərlə şagirdin təhsil şəraitinin yaxşılaşdırması deməkdir.

Rayonun dağlıq kəndində yerləşən 264 şagird yerlik Gəgiran kənd orta məktəb binasının tikintisinə ötən ilin iyul ayından başlanılıb. 1972-ci ildə tikilmiş köhnə bina sökülüb və yerində 3 mərtəbədən ibarət bina inşa olunub. Hazırda rayonda 632 şagird yerlik Haftoni, 420 şagird yerlik Nərimanabad qəsəbə və 360 şagird yerlik Viravul kənd 2 nömrəli tam orta məktəbləri üçün tikilən binalarda son tamamlama işləri görülür. Rayonda qəzalı vəziyyətdə olan məktəblərin yerində müasir standartlara cavab verən təhsil ocaqlarının inşası valideynlərin böyük sevincinə səbəb olub. Təhsil sahəsində aparılan bu işlər sakinlər tərəfindən rəğbətlə qarşılanır.

Haftoni qəsəbə sakini Qismət Əmirov deyir ki, Haftoni qəsəbəsində yerləşən məktəb binası ötən əsrin ortalarında tikilmiş bina idi və müasir tələblərə cavab vermirdi: “Otaqlar dar idi, qışda soyuq, yayda isə çox isti olurdu. Tədris üçün yararsız idi. Qəsəbəmizdə yeni məktəb binasının tikilməsinə ehtiyac var idi. Mən yeni məktəb binasının tikilməsinə görə Haftoni qəsəbə sakinləri adından, valideynlər adından dövlətimizin başçısına təşəkkür edirəm”.

Viravul kənd sakini Mətanət Quliyeva isə bildirib ki, uzun illərdir uşaqlar yararsız şəraitdə təhsil alırdılar: “İndi pedaqoji kollektivimiz, kənd sakinlərimiz çox sevinirlər. Biz çoxdan arzu edirdik ki, övladlarımız belə gözəl məktəbdə, müasir şəraitdə təhsil alsınlar”.

Bu günlərdə 1076 şagird yerlik şəhər 7 nömrəli və 640 şagird yerlik Zövlə kənd tam orta məktəblərində də əsaslı təmir-bərpa işlərinə start veriləcək. Hazırda binalarda söküntü işləri aparılır. Ucqar kəndlərdə isə modul tipli məktəb binaları quraşdırılır. Binaların yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə