Kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqələrinin verilməsi proseduru

Kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqələrinin verilməsi proseduru müəyyənləşdirilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin aprelin 18-də imzaladığı "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli fərmanında dəyişikliklər edilməsi haqqında fərmanında əksini tapıb.

Kənd təsərrüfatı texnikası üçün sürücülük vəsiqəsi almaq istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi), müstəqil hazırlıq keçən şəxslər istisna olmaqla, digər şəxslər üçün müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə tədris planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq keçmələri barədə təhsil müəssisəsinin sənədi, Azərbaycanın müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş formada tibbi arayış və sürücülük vəsiqəsi verilməsi üçün dövlət rüsumunun ödənilməsi sənədi təqdim etməlidir.

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinə sənədləri bilavasitə və ya internet vasitəsilə təqdim edəcək. Sənədlər tələblərə uyğun olduqda şəxsə yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan verəcəyi tarix və vaxt barədə bilavasitə və ya internet vasitəsilə məlumat veriləcək. Sənədlər göstərilən tələblərə uyğun olmadıqda şəxsə uyğunsuzluğun aradan qaldırılması qaydası izah olunacaq. Şəxs yaşadığı və ya olduğu ərazi üzrə imtahan-qeydiyyat məntəqəsində imtahan vermək hüququna malikdir. Sürücülük vəsiqəsi Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin imtahan-qeydiyyat məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə həmin orqan tərəfindən 30 dəqiqə ərzində veriləcək. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən 30 dəqiqə ərzində həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi tərəfindən sürücülük vəsiqələrindəki məlumatların mərkəzləşdirilmiş uçotu aparılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...