Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Bir rəqəmsal bankçılıq təcrübəsini “Istanbul Fintech Week” tədbirində təqdim edib

Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, “Istanbul Fintech Week” (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasını təqdim edib.

Oktyabrın 7-də keçirilən “Digital Banking Summit” (Rəqəmsal Bankçılıq Sammiti) çərçivəsində Bir ekosisteminin Fintex biznesinin rəhbəri və Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev çıxış edərək ənənəvi bankçılıq təcrübəsi əsasında rəqəmsal ekosistemin necə inkişaf etdirildiyini və 5 milyondan çox istifadəçini əhatə etdiyini diqqətə çatdırıb. “Biz insanların gündəlik həyatını asanlaşdırmaq məqsədilə bankçılıq, ödəniş və alış-veriş xidmətlərini vahid ekosistemdə birləşdirmişik. Bu təcrübəmiz göstərir ki, ənənəvi banklar fintex şirkətlərinin rəqabəti qarşısında mövqelərini itirməyə məhkum deyillər. Müştərilərin real ehtiyaclarına uyğunlaşmaqla rəqəmsal transformasiyaya özləri də liderlik edə bilərlər”.

KOOP Ventures şirkətinin həmtəsisçisi Mustafa Baltacının moderatorluğu ilə keçirilən “The Digital Bank: Born or Built?” (“Rəqəmsal bank: yaranır, yoxsa qurulur?”) adlı panel müzakirəsində Cavid Mirzəyev Malta Bankının (Bank of Valletta) innovasiyalar üzrə rəhbəri Lüdviq Mallia ilə birlikdə Bir ekosisteminin strukturu və fəaliyyət prinsipləri barədə danışıb. O, Bir ekosisteminin Kapital Bank-ın rəqəmsal bankçılıq brendi Birbank-ı, Birmarket onlayn alış-veriş platformasını, m10 rəqəmsal pul kisəsini və Milliön ödəniş terminallarını vahid platformada birləşdirərək müştərilərə rahat və fasiləsiz rəqəmsal xidmət təcrübəsi təqdim etdiyini vurğulayıb.

Cavid Mirzəyev, həmçinin Bir ID, Bir Bonus və Bir Pay kimi həllərin ekosistemə daxil olan platformalar arasında inteqrasiyanı təmin etdiyini vurğulayıb. Bu həllər istifadəçilərə Bir xidmətləri arasında rahat keçid etməyə, bonuslar qazanmağa, eləcə də onlayn və fiziki satış nöqtələrində ödənişlər həyata keçirməyə imkan yaradır. Məsələn, müştərilər Birmarket-də alış-veriş edərkən sifarişi rəsmiləşdirdikləri mərhələdə Birbank vasitəsilə maliyyələşmə imkanından yararlana bilirlər.

Cavid Mirzəyev çıxışı zamanı müştəri davranışlarında baş verən dəyişikliklərə və əməliyyat səmərəliliyinin artmasına da diqqət çəkib. O qeyd edib ki, hazırda müştərilərin 90%-i gündəlik bank əməliyyatlarını Birbank tətbiqi vasitəsilə həyata keçirir. Eyni zamanda, müştəri müraciətlərin 60%-i əməkdaşların birbaşa müdaxiləsi olmadan, süni intellekt vasitəsilə həll olunur. Bu göstərici ötən il qeydə alınan 31%-lə müqayisədə təxminən iki dəfə yüksəkdir.

Cavid Mirzəyevin “Istanbul Fintech Week” tədbirində iştirakı Bir-in Azərbaycanın rəqəmsal transformasiyasını beynəlxalq müstəvidə tanıtmaq istiqamətində fəaliyyətinin davamıdır. Qeyd edək ki, 2019-cu ildən etibarən 62 ölkədən 17 mindən çox iştirakçını bir araya gətirən bu tədbir qlobal maliyyə texnologiyaları sahəsinin aparıcı platformalarından biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə