“Bu, ölkənin artan enerji tələbatına hazırlığının göstəricisidir” - ŞƏRH

“Bu, ölkənin artan enerji tələbatına hazırlığının göstəricisidir” - ŞƏRH

“Ötən gün ölkə Prezzidenti cənab İlham Əliyev “AzərEnerji” ASC-nin "Yeni Səngəçal" yarımstansiyasının istifadəyə verilməsi mərasimində iştirak etdi. Bu hadisə, Azərbaycanın enerji infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin növbəti mühüm nəticəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu layihə yalnız yeni elektrik yarımstansiyasının istismara verilməsi kimi qiymətləndirilməməlidir:

“O, ölkənin uzunmüddətli enerji strategiyasının, sənaye və nəqliyyat potensialının genişləndirilməsinin, eləcə də enerji təhlükəsizliyinin gücləndirilməsinin mühüm tərkib hissəsidir.

Azərbaycan son illərdə enerji sektorunda yalnız neft və qaz hasilatını artırmaqla kifayətlənmir, eyni zamanda elektrik enerjisi infrastrukturunu da müasir çağırışlara uyğun şəkildə yeniləyir. Artan əhali, sənayeləşmə, yeni yaşayış məntəqələrinin salınması, Böyük Qayıdış proqramı çərçivəsində azad edilmiş ərazilərin bərpası və yaşıl enerji layihələrinin genişlənməsi ölkədə etibarlı elektrik təchizatını strateji prioritetə çevirib.
"Yeni Səngəçal" yarımstansiyası məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Səngəçal bölgəsi Azərbaycanın enerji sisteminin əsas mərkəzlərindən biridir. Burada yerləşən neft-qaz infrastrukturu, beynəlxalq ixrac marşrutları və iri sənaye obyektləri fasiləsiz və etibarlı enerji təminatı tələb edir. Yeni yarımstansiya bu tələbatın daha yüksək keyfiyyətlə qarşılanmasına, enerji itkilərinin azaldılmasına və elektrik sisteminin dayanıqlığının artırılmasına xidmət edəcək.

Layihə həm də Azərbaycanın yaşıl enerji strategiyası ilə uzlaşır. Ölkədə günəş və külək enerjisi üzrə həyata keçirilən iri layihələrin milli enerji sisteminə inteqrasiyası güclü və müasir elektrik şəbəkəsi tələb edir. Bu baxımdan yeni yarımstansiya gələcəkdə bərpa olunan enerji mənbələrinin enerji sisteminə daha səmərəli qoşulmasına da mühüm töhfə verəcək.
Prezident İlham Əliyevin layihənin açılışında şəxsən iştirakı enerji sektorunun dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu bir daha nümayiş etdirir. Son illər ölkənin müxtəlif bölgələrində yeni elektrik stansiyalarının, yarımstansiyaların və yüksək gərginlikli ötürücü xətlərin tikintisi Azərbaycanın enerji sisteminin müasir texnologiyalar əsasında yenidən qurulduğunu göstərir.

Bu gün Azərbaycan təkcə karbohidrogen ehtiyatları ilə deyil, həm də etibarlı enerji infrastrukturu, müasir idarəetmə sistemi və strateji planlaşdırması ilə regionun aparıcı enerji mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir. "Yeni Səngəçal" yarımstansiyasının istifadəyə verilməsi də bu siyasətin növbəti uğurlu nəticəsidir. Layihə ölkənin enerji təhlükəsizliyini daha da gücləndirəcək, iqtisadi inkişafı dəstəkləyəcək və Azərbaycanın regional enerji liderliyini möhkəmləndirən mühüm addımlardan biri olacaq.

Bir daha qeyd etməliyik ki, "Səngəçal" yarımstansiyasının istifadəyə verilməsi təkcə yeni enerji obyektinin açılışı deyil, Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi inkişaf strategiyasının davamlılığı və ölkənin artan enerji tələbatına hazırlığının göstəricisidir”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə