"Gənclərə ailə qurun deyirik, amma mənzil almağa şərait yaratmırıq" - İQTİSADÇI
"Bir tərəfdən gənclərə deyirik ki, ailə qurun, amma mənzil almağa şərait yaratmırıq. Azərbaycanda gənclərin mənzil sahibi ola bilməməsi artıq təkcə sosial problem deyil, ciddi iqtisadi problemdir".
Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı Asif İbrahimov deyib.

Onun sözlərinə görə, biz gənclərdən ailə qurmağı, övlad sahibi olmağı, ölkədə qalmağı gözləyirik:
"Amma bunun üçün ən vacib şərtlərdən biri olan mənzilə əlçatanlığı təmin edə bilmirik. İpoteka və Kredit Zəmanət Fondunun rəsmi məlumatlarına baxanda ortaya çox ciddi sual çıxır. Fondun məlumatına görə, bütün bu illər ərzində ipoteka kreditlərindən yararlananların sayı təxminən 59 200 nəfər təşkil edir. Bu isə o deməkdir ki, Azərbaycanda ipoteka mexanizmi əhalinin çox kiçik bir hissəsinə, hətta əhalinin 1 faizindən də azına çatıb.
Bəs sual yaranır ki, niyə? Səbəb nədir?
Əgər ölkədə milyonlarla insan yaşayırsa, amma illər ərzində ipoteka krediti ala bilənlərin sayı cəmi 59 min nəfər civarındadırsa, deməli, mövcud ipoteka sistemi geniş əhali kütləsinin mənzil problemini həll etmək gücündə deyil. Burada artıq təkcə vətəndaşın kredit götürmək istəyindən söhbət getmir. Problem sistemin özündədir.
Bu gün bir gəncin qarşısında absurd bir mənzərə yaranıb ki, maaş alır, amma mənzil ala bilmir; ipoteka götürmək istəyir, ilkin ödənişi verə bilmir; ilkin ödənişi toplamaq üçün kirayədə qalır, amma kirayə haqqı onun yığım imkanlarını məhv edir. Belə bir vəziyyətdə gənc necə mənzil sahibi olsun?
Problemin əsas səbəbi ondan ibarətdir ki, mənzil qiymətləri ilə əhalinin real gəlirləri arasında böyük uçurum yaranıb. Biz isə bu uçurumu aradan qaldırmaq əvəzinə problemi yalnız ipoteka kreditləri ilə həll etməyə çalışırıq. Bu, problemin nəticəsi ilə mübarizə aparmaqdır, səbəbi ilə yox.
Əgər gəncin gəliri mənzil qiymətinin artım tempinə çatmırsa, ona daha çox kredit verməklə məsələ həll olunmur. Əksinə, bazarda mənzil təklifi məhdud olduğu halda kredit imkanlarının artırılması qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər. Nəticədə dövlət gəncə kredit verir, amma həmin kreditin yaratdığı əlavə tələbdən mənzil qiyməti artır və gənc yenə də mənzil ala bilmir.
Mən hesab edirəm ki, Azərbaycanda mənzil siyasətinə köklü şəkildə yenidən baxılmalıdır. Gənclərə sadəcə ipoteka vermək kifayət deyil. Dövlət münasib qiymətli mənzil fondunu artırmalı, sosial və güzəştli mənzil layihələrini genişləndirməli, ilkin ödəniş problemini həll etməli və gənclərin real gəlirlərinin artırılmasına şərait yaratmalıdır.
Ən əsası isə biz özümüzə dürüst sual verməliyik: gənc insan bu ölkədə işləyərək, normal əməkhaqqı alaraq və qənaət edərək 10-15 il ərzində öz evini ala bilirmi? Əgər cavab “xeyr”dirsə, deməli, mənzil siyasətimizdə ciddi problem var.
Gənclərə “ölkədə qalın, ailə qurun, gələcəyinizi burada qurun” demək asandır. Amma bunun üçün iqtisadi şərait yaratmaq lazımdır. Gəncə gələcək vəd etmək kifayət deyil, onun bu gününü də təmin etmək lazımdır.
Mənzil əlçatanlığı təmin olunmadan gənclərin sosial rifahından, ailə institutunun möhkəmləndirilməsindən və demoqrafik inkişafdan danışmaq çətindir. Bu məsələyə kosmetik deyil, sistemli yanaşma lazımdır.
Əgər gənc öz maaşı ilə mənzil ala bilmirsə, problem gəncdə deyil – iqtisadi modeldədir.
Və nəhayət, əsas sual budur: Əgər bu qədər il ərzində cəmi 59 minə yaxın insan ipoteka kreditindən yararlana bilibsə, onda milyonlarla vətəndaşın mənzil problemini hansı mexanizmlə həll edəcəyik? Bu suala cavab vermədən mənzil probleminin həll olunduğunu demək mümkün deyil".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB