"Qızılın qiymətindəki artım yerli bazarda da özünü göstərə bilər" - İQTİSADÇI DANIŞDI

"Qızılın qiymətindəki artım yerli bazarda da özünü göstərə bilər" - İQTİSADÇI DANIŞDI

"Dünya bazarında qızılın bahalaşması Azərbaycanın zərgərlik bazarına da təsirsiz ötüşmür. Çünki ölkədə satılan qızıl məmulatlarının xammalı əsasən dünya bazarındakı qiymətlərə uyğun formalaşır". Bu sözləri SİA -ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.

Onun sözlərinə görə, nəticədə beynəlxalq bazarda qızılın qiyməti artdıqca, yerli bazarda da həm xammalın, həm də hazır qızıl məmulatlarının qiymətində artım müşahidə oluna bilər:

"Bununla yanaşı, son satış qiymətinə təkcə qızılın dünya bazarındakı dəyəri deyil, emal xərcləri, idxal, logistika, vergi və valyuta məzənnəsi kimi amillər də təsir göstərir. Buna görə də beynəlxalq bazarda qiymət artımı yerli bazarda eyni səviyyədə əks olunmaya bilər, lakin ümumi tendensiya bahalaşma istiqamətində olur.

Qiymət artımı fonunda istehlakçıların alıcılıq qabiliyyəti zəifləyə, zərgərlik məmulatlarına tələbat azala bilər. Buna baxmayaraq, bir çox insanlar qızılı uzunmüddətli dəyər saxlayan aktiv kimi gördükləri üçün qiymətlər yüksəlsə belə, ona maraq tam aradan qalxmır. Bu səbəbdən dünya bazarındakı dəyişikliklər Azərbaycan zərgərlik bazarında həm qiymətlərə, həm də satış həcmlərinə müəyyən təsir göstərə bilər".

Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə