Füzulidə Aerokosmik Modelçilik Festivalında 200 nəfərə yaxın gənc bacarıqlarını nümayiş etdirib

Füzulidə Aerokosmik Modelçilik Festivalında 200 nəfərə yaxın gənc bacarıqlarını nümayiş etdirib

Qarabağ iqtisadi zonasında yerləşən Füzuli Beynəlxalq Hava Limanında “Aerokosmik Modelçilik Festivalı 2026” keçirilib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, festival Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”, Milli Aviasiya Akademiyası və “Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə raket və peyk modelçiliyinin inkişafına, gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılmasına, texniki yaradıcılığın təşviqinə və sağlam həyat tərzinin təbliğinə dəstək vermək olub.

Əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Festivalın açılış mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və ilk türk astronavtı Alper Gezeravcı çıxış edərək aerokosmik sahənin inkişaf perspektivləri, gənclərin innovativ düşüncəsinin təşviqi və festivalın elmi-texniki yaradıcılığın inkişafına verdiyi töhfədən bəhs ediblər.

Gənclər və İdman Nazirliyinin fəaliyyətinin 32-ci ildönümünə həsr olunan tədbirlər silsiləsinə daxil edilən festival gənclərin hazırladıqları aerokosmik modellərin, innovativ layihələrin və texnoloji həllərin nümayişi üçün mühüm platforma olmağı hədəfləyir. Artıq dördüncü dəfə təşkil olunan festival iki mərhələdə, 12 kateqoriya üzrə keçirilib. Yarış proqramına “S-3-B Paraşüt”, “S-3-C Paraşüt”, “S-4-D Raketaplan”, “S-6-A Streamer”, “S-6-B Streamer”, “S-6-C Streamer”, “Peyk Modelçiliyi” (CubeSat), “Startap” (Aerospace), FPV dron, təyyarə modelçiliyi, eləcə də ilk dəfə olaraq “Naqilsiz rabitə” və “Səmt müəyyən etmə” texniki idman növləri daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə