“Kənddən Şəhərə” mövsüm yarmarkası təşkil olunacaq

“Kənddən Şəhərə” mövsüm yarmarkası təşkil olunacaq

İyulun 25-26-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda “Kənddən Şəhərə” mövsüm yarmarkası keçiriləcək.

Bu barədə SİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın müxtəlif bölgələrindən olan fermerlər təsərrüfatlarında yetişdirdikləri məhsulları bu yarmarkada satışa çıxara biləcəklər.

Tədbirdə ölkənin müxtəlif bölgələrindən 20-yə yaxın regiondan 40-a yaxın fermer iştirak edəcək. Fermerlər 100-ə yaxın çeşiddə və 10 tona yaxın kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.

Fermerlər yarmarkada iştirak üçün yer, piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz təmin olunacaqlar.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında təşkil olunacaq yarmarka 2 gün müddətində fasiləsiz davam edəcək. İştirak etmək istəyən fermerlər iyulun 26-dək 050 400 88 99 Çağrı Mərkəzi ilə əlaqə saxlaya, eləcə də “Aqrar tədarük və təchizat” ASC“Kənddən Şəhərə” yarmarkasının sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, onları alternativ satış nöqtələri ilə təmin etmək, eyni zamanda, şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını artırmaqdır.

Qeyd edək ki, yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, məhsulların keyfiyyəti ilə bağlı sualı yaranacaq vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsuldan analiz verə biləcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə