“Qeyri-neft sektorunun artımı ölkə iqtisadiyyatının davamlı inkişafını təmin edəcək” - Anar Axundov

“Ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarların dəstəklənməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilir. Bu siyasət qeyri-neft sənayesinin inkişafına, yeni istehsal və emal müəssisələrinin yaradılmasına və məşğulluğun genişlənməsinə ciddi təkan verir”. SİA xəbər verir ki, bunu Milli Məclisdə keçirilən komitə iclasında deputat Anar Axundov bildirib.

Onun sözlərinə görə, iqtisadi inkişafın davamlılığı qarşıdakı illərin əsas strateji məqsədlərindən biri olaraq qalır. Deputat qeyd edib ki, 2022–2025-ci illərdə orta illik ÜDM artımının 3,3% təşkil edəcəyi gözlənilir və bu artımın başlıca hərəkətverici qüvvəsi məhz qeyri-neft-qaz sektorudur. Həmin sahə üzrə orta illik artımın 6,1% səviyyəsində olacağı proqnozlaşdırılır ki, bu da strateji hədəfləri üstələyir. “Gələn il ÜDM-in 2,9%, 2026–2029-cu illərdə isə orta illik 3,5% artacağı gözlənilir. Qeyri-neft-qaz ÜDM-ində artımın növbəti illərdə təxminən 5% ətrafında olması proqnozlaşdırılır. Bu, iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticəsidir”.

Anar Axundov əlavə edib ki, neft-qaz sektoru da iqtisadi tarazlığın qorunmasında mühüm rol oynamaqda davam edir. 2026-cı ildə neft hasilatının 27,6 milyon ton, əmtəəlik qaz hasilatının isə 38 milyard kubmetr səviyyəsində olacağı gözlənilir.

Deputat vurğulayıb ki, hazırda “2027–2030-cu illər üçün sosial-iqtisadi inkişaf strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı” üzərində aparılan işlər ölkə iqtisadiyyatında yeni mərhələnin başlanğıcını formalaşdıracaq: “Bu sənədlər regionların inkişafını sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərdə həyatın tam bərpasına şərait yaradacaq, həm iqtisadi artımın, həm də məşğulluğun davamlılığını təmin edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə