Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində dövlət qurumlarının, yerli icra hakimiyyətlərinin, eləcə də özəl sektor və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı ilə Rəqabət Məcəlləsində nəzərdə tutulan tələblərə dair maarifləndirici görüş keçirilib. Dövlət Agentliyindən SİA-ya bildirilib ki, 40-a yaxın nümayəndənin qatıldığı görüşdə qurumun Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalı “Dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin tənzimlənməsinin təşkili üzrə rəqabət orqanı tərəfindən nəzarət tədbirlərinin həyata keçirilməsi metodları” mövzusunda təqdimatla çıxış edib.

Ş.Rzalı ölkəmizdə rəqabət siyasətinin əsas prinsiplərini iştirakçıların diqqətinə çatdırıb, dövlət orqanları, yerli özünüidarəetmə orqanları, eləcə də tənzimləyici qurumların rəqabət qanunvericiliyinə zidd hərəkətləri və ya hərəkətsizliyi ilə bağlı məlumat verib, subsidiyaların və digər dövlət yardımlarının verilməsi, bu sahədə tənzimləmə fəaliyyətinin rəqabətə təsirlərinin qiymətləndirilməsi məsələlərini izah edib. Görüşdə, həmçinin rəqabət qanunvericiliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulmuş məsuliyyət tədbirləri, eləcə də dövlət orqanlarının rəqabəti pozan davranışlarına qarşı sanksiya və göstərişlərin tətbiqi mexanizmləri iştirakçıların diqqətinə çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə