"Qarabağ və Şərqi Zəngəzur yeni iqtisadi və logistika mərkəzinə çevrilir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qarabağ və Şərqi Zəngəzurda son illərdə həyata keçirilən yol və nəqliyyat infrastrukturu layihələri təkcə bərpa prosesinin mühüm mərhələsi deyil, həm də Azərbaycanın uzunmüddətli strateji inkişaf konsepsiyasının ayrılmaz hissəsidir. Bu infrastrukturun sürətli və keyfiyyətli şəkildə qurulması regionun iqtisadi təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, onun gələcəkdə Cənubi Qafqazın əsas nəqliyyat-logistika qovşaqlarından birinə çevrilməsinə şərait yaradır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

Onun sözlərinə görə, yol infrastrukturu əhalinin məskunlaşması prosesini stimullaşdırır. Çünki nəqliyyat əlçatanlığı olmadan sosial-iqtisadi həyatın bərpası mümkün deyil: "Hazırda inşa edilən magistral yollar, avtomobil tunelləri, körpülər və hava limanları bölgəyə həm təhlükəsiz hərəkəti təmin edir, həm də kənd təsərrüfatı, turizm və sənaye kimi sahələrin inkişafı üçün dayanıqlı baza formalaşdırır. Bu, Qarabağ və Şərqi Zəngəzurda iqtisadi həyatın bərpası ilə yanaşı, bölgəyə köç prosesinin intensivləşməsinə də şərait yaradır. Bölgədə inşa edilən nəqliyyat xətləri Azərbaycanın tranzit potensialını artırır. Zəngəzur bölgəsində həyata keçirilən layihələr ölkənin regional və beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını gücləndirir. Bu infrastruktur Türkiyə, Orta Asiya, Rusiya və İranla yeni ticarət marşrutlarının formalaşmasına imkan yaradır və Azərbaycanın geosiyasi mövqeyini gücləndirir. Eyni zamanda Zəngəzur və Qarabağ üzərindən keçən alternativ nəqliyyat yolları regionda yeni logistika mərkəzlərinin yaradılmasına şərait yaradır ki, bu da ölkəyə əlavə iqtisadi dividendlər gətirəcək.

Regionda aparılan infrastruktur quruculuğu xarici investorlar üçün ciddi iqtisadi cəlbedicilik yaradır. İnfrastrukturun mövcudluğu və təhlükəsiz mühitin təmin edilməsi investorlar üçün əsas şərtlərdən biridir. Enerji xətləri, yollar, dəmir yolları və hava limanları artıq formalaşdığı üçün yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurda aqrar sənaye zonaları, logistika mərkəzləri və istehsal müəssisələrinin qurulması gözlənilir. Bu isə həm məşğulluğun artmasına, həm də ixrac imkanlarının genişlənməsinə gətirib çıxaracaq. Bütün bu proseslər Azərbaycanın iqtisadi təhlükəsizliyinin və suverenliyinin möhkəmləndirilməsinə xidmət edir. İnfrastrukturun dövlət nəzarətində və strateji şəkildə planlaşdırılması regionda uzunmüddətli sabitliyin təminatçısıdır. Bu layihələr təkcə iqtisadi deyil, həm də siyasi mahiyyət daşıyır, çünki Azərbaycan bu yolla bölgədə sülhü, inkişafı və inteqrasiya proseslərini təşviq edir. Beləliklə, Qarabağ və Şərqi Zəngəzurda aparılan infrastruktur işləri yalnız bu günün ehtiyaclarına cavab vermir, həm də regionu gələcəkdə Cənubi Qafqazın ən mühüm iqtisadi və logistika mərkəzinə çevrilmə perspektivi ilə təmin edir. Bu proses Azərbaycan dövlətinin strateji baxışının və regional liderliyinin əyani göstəricisidir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə