Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyində 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən SİA-ya bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan kənd təsərrüfatı naziri Məcnun Məmmədov peşə bayramı münasibətilə fermerləri təbrik edib. Nazir bildirib ki, Azərbaycan Respublikasında aqrar siyasətin formalaşmasının və müasir inkişaf mərhələsinə keçidin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin rəhbərliyi ilə kənd təsərrüfatının iqtisadiyyatda strateji əhəmiyyəti müəyyən edilib, torpaq islahatları həyata keçirilib, mülkiyyət münasibətləri formalaşdırılıb, kənd əhalisinin sosial rifahının yüksəldilməsi istiqamətində fundamental addımlar atılıb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan mühüm qərarlar nəticəsində aqrar sahədə dövlət idarəçiliyi sistemi təkmilləşdirilib, ərzaq təminatında daxili istehsalın payı əhəmiyyətli dərəcədə artıb.

Nazir Məcnun Məmmədov əlavə edib ki, Ümummilli Liderin müəyyən etdiyi bu strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı sektoruna xüsusi önəm verilir. Aqrar sahənin rəqabətqabiliyyətliliyinin artırılması, kənd yerlərində məşğulluğun genişləndirilməsi, dövlət dəstək mexanizmlərinin və subsidiyaların təkmilləşdirilməsi, kənd təsərrüfatı sektorunun rəqəmsallaşması və ixracyönümlü istehsalın təşviqi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Aqrar siyasətin həyata keçirilməsində mühüm rol oynayan kənd təsərrüfatı işçilərinin dövlətin yürütdüyü uğurlu siyasəti dəstəklədiyini deyən nazir Məcnun Məmmədov vurğulayıb ki, əldə olunan nailiyyətlərdə fermerlərin fədakar əməyi, bilik və təcrübəsi xüsusi rol oynayır.

Tədbirdə çıxış edən Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründən başlanan aqrar sahəyə diqqət və qayğı, kənd təsərrüfatı sahəsində aparılan islahatlar bu sahənin inkişafının təməlinə çevrilib. Şöbə müdiri qeyd edib ki, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin aqrar sahəyə ayırdığı diqqət sahənin inkişafını daha da sürətləndirib. O, Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahədə innovativ yanaşma, elmi nailiyyətlər, dünya təcrübəsinin ölkəmizdə tətbiqi, aparılan təhlillər nəticəsində yeni istiqamətlərin müəyyən edilməsi ilə bağlı gördüyü işlərin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərmanla hər il ölkəmizdə noyabrın 1-nin Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması aqrar sahədə çalışan bütün insanlara, fermerlərin fədakar əməyinə göstərilən yüksək diqqətin və qayğının bariz təzahürüdür. Komitə sədri qeyd edib ki, möhkəm təməl üzərində qurulan inkişaf bu gün də uğurla davam edir, aqrar sahədə artım qeydə alınır. Müasir dövrün aqrar sahənin qarşısında yeni reallıqlar və yeni tələblər qoyduğunu, kənd təsərrüfatının intensiv inkişafının peşəkar kadrlardan, mütəxəssislərdən asılı olduğunu deyən Tahir Rzayev qeyd edib ki, kənd təsərrüfatı işçilərinin üzərinə böyük məsuliyyət və vəzifələr düşür.

Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin 2025-ci ildəki fəaliyyəti və aqrar sahədə görülən işlərə dair videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən “Çinar” İstehsal-İstehlak Qadın Kooperativinin nümayəndəsi, fermer Səadət Dibirova, “Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli və aqronom Sədəfər Hüseynov yüksək diqqət və qayğıya görə aqrar sektorda çalışan insanlar adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, aqrar sahədə görülən işlərdən danışıb, kənd təsərrüfatına dövlət dəstəyinin bu sahəyə marağı daha da artırdığını vurğulayıblar.

Daha sonra 2025-ci təsərrüfat ilində yüksək nəticə göstərən fermerlərə, aqrar sahədə uzunmüddətli fəaliyyət göstərmiş nazirlik əməkdaşlarına, eləcə də “Əməkdaşların tanınma proqramı”nın qalibləri olan işçilərə təşəkkürnamələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə