Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən ADIPEC sərgisi çərçivəsində ADNOC şirkətinin beynəlxalq enerji investisiya qolu olan XRG tərəfindən Azərbaycan İqtisadiyyat Nazirliyindən "Cənub Qaz Dəhlizi" QSC-də pay əldə olunmasına dair hüquqi öhdəlik yaratmayan Əsas Şərtlərlə bağlı Razılaşma imzalanıb. SİA İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sənəd Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sentyabrında ölkəmizdə səfərdə olan BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü çərçivəsində mübadilə edilən "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə XRG ASC arasında Cənub Qaz Dəhlizində investisiya haqqında Anlaşma Memorandumu"na uyğun olaraq imzalanıb.
Razılaşmanı iqtisadiyyat naziri, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və XRG-nin icraçı sədri, baş icraçı direktoru Sultan Əl Cabir imzalayıblar.
Bu razılaşma SOCAR və XRG arasında əməkdaşlığı qaz hasilatından Avropada enerji təchizatını şaxələndirmək istəyən bazarlara enerji resurslarının etibarlı çatdırılmasına qədər genişləndirmək potensialına malikdir. Eyni zamanda Azərbaycan ilə BƏƏ arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin, enerji layihələri üzrə əməkdaşlığın daha da genişləndirilməsinə, həmçinin ölkəmizin iqtisadi inkişafına və etibarlı tərəfdaş kimi rolunun daha da möhkəmlənmasinə töhfə verəcək.
İmzalanan sənəd SOCAR ilə XRG/ADNOC arasında əldə olunan üçüncü razılaşmadır. Belə ki, tərəflər bundan öncə SARB və Umm Lulu yataqlarında iştirak payının SOCAR-a verilməsi, həmçinin ADNOC şirkətinə "Abşeron" qaz-kondensat yatağında iştirak payının satışına dair razılıq əldə ediblər.
Qeyd edək ki, 2014-cü ildə fəaliyyətə başlamış "Cənub Qaz Dəhlizi" QSC qaz hasilatı üzrə aktivlərdə və ümumi uzunluğu 3 500 kilometr olan boru kəməri şəbəkəsində paya malikdir. Bu infrastruktur illik 26 milyard kubmetr həcmədək nəql gücünə malik olmaqla Xəzər hövzəsindən təbii qazın Türkiyə üzərindən Cənubi Avropaya nəqlinə imkan yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB