“Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycan iqtisadiyyatına yeni dəyər gətirir” - ŞƏRH EDİLDİ

"Son beş il ərzində biz Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin intensiv şəkildə həyata keçirildiyini müşahidə edirik. Bu işlər yalnız fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır, eyni zamanda həmin bölgələrin sosial-iqtisadi həyatının dirçəldilməsi, iqtisadi fəaliyyətin təşviqi və yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətli rol oynayır. Təbii ki, işğaldan azad olunmuş ərazilərin bərpası, eyni zamanda, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı üçün yeni imkanlar yaradır və ölkənin ümumi iqtisadi potensialını artırır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, xüsusilə qeyd etmək lazımdır ki, bərpa və yenidənqurma işləri qeyri-neft sektorlarının inkişafına da mühüm stimul verir. İlk qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilər Azərbaycan iqtisadiyyatına təxminən 10% yeni dəyər qatmaq potensialına malikdir: "Bu isə deməkdir ki, yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda təxminən 12 milyard manatlıq əlavə iqtisadi dəyər formalaşa bilər. Bu, yalnız regionların iqtisadi inkişafı baxımından deyil, həm də ölkənin ümumi dayanıqlı inkişaf strategiyası üçün böyük əhəmiyyət kəsb edir. Yeni iqtisadi modelin tətbiqi nəticəsində həmin bölgələrdə müasir infrastrukturun qurulması, yol və nəqliyyat şəbəkəsinin yenilənməsi, sənaye və kənd təsərrüfatı sahələrinin inkişafı mümkündür. Bu isə həm yerli, həm də xarici sərmayələrin cəlb olunmasına əlverişli şərait yaradır və Azərbaycanın investisiya mühitinin daha da yaxşılaşmasına töhfə verir. Eyni zamanda, bölgələrin sosial həyatının bərpası – məktəblərin, səhiyyə müəssisələrinin və digər ictimai infrastrukturların yenidən qurulması əhalinin həyat səviyyəsinin yüksəlməsinə və bölgələrdə sabitliyin möhkəmlənməsinə səbəb olur.

Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı yalnız regional əhəmiyyət kəsb etmir, həm də Azərbaycanın strateji, iqtisadi və sosial inkişafının önəmli hissəsini təşkil edir. Bu proses həm də ölkəmizin dayanıqlı inkişaf modelinin uğurla tətbiqinin əyani nümunəsidir və gələcəkdə Azərbaycanın beynəlxalq iqtisadi arenada mövqeyini daha da gücləndirəcəkdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə