Əlvan metallardan nümunə götürülməsi üzrə yeni dövlət standartı qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 24231:2025 “Əlvan metallar və ərintilər. Kimyəvi analiz üçün nümunələrin götürülməsinə və hazırlanmasına dair ümumi tələblər” adlı yeni dövlət standartı qəbul edilib. AZSTAND-dan SİA-ya bildirilib ki, sözügedən standartın qəbul edilməsində məqsəd nümunələrin analitik tərkibinin dəqiq və təkrarlanabilən təyini üçün vahid metodoloji yanaşmanı təmin etməkdir.

Yeni dövlət standartının tətbiqi əlvan metallardan və onların ərintilərindən kimyəvi analiz üçün nümunələrin götürülməsi və hazırlanması prosesinin standartlaşdırılmasına xidmət edəcək. Bundan əlavə, nümunə götürmə mərhələsi nəticələrin keyfiyyətinə birbaşa təsir göstərdiyindən istehsalat proseslərində, laboratoriyalarda və keyfiyyətə nəzarət sistemlərində tətbiq olunan analiz metodlarının dəqiqliyi və etibarlılığı əhəmiyyətli dərəcədə artacaq.

Yeni dövlət standartı “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 36) konsensus əsasında qəbul edilib və AZSTAND tərəfindən Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə