Əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Əbu-Dabi Qlobal Bazar Maliyyə Xidmətlərinin Tənzimləyici Orqanı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. SİA bu barədə AMB-yə istinadən xəbər verir.

Memorandum çərçivəsində qurumlar arasında maliyyə texnologiyaları və xidmətləri, kapital bazarları və digər müvafiq sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulub.

"Beləliklə, qeyd olunan sahələr üzrə təcrübə və məlumat mübadilələrinin aparılması, təlim, seminar, həmçinin tədqiqat xarakterli səfərlər və peşəkar inkişaf fəaliyyətlərinin təşkilinin həyata keçirilməsi diqqətdə saxlanılacaq. Bu əməkdaşlıq beynəlxalq təcrübənin öyrənilməsi və qabaqcıl tənzimləyici yanaşmaların tətbiqi baxımından mühüm imkanlar yaradacaq", - məlumatda deyilir.

Anlaşma Memorandumu qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılması ilə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə mühüm töhfə verəcək. Eyni zamanda, qurumlar arasında davamlı dialoqun möhkəmləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsi hər iki ölkənin tənzimləyici təcrübəsinin təkmilləşdirilməsinə və maliyyə sektorunun dayanıqlı inkişafına xidmət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə