Dövlətlərarası Şuranın XV iclası keçiriləcək

Dövlətlərarası Şuranın XV iclası keçiriləcək
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında 29 noyabr – 2 dekabrda MDB İcraiyyə Komitəsi "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya" məsələləri üzrə Dövlətlərarası Şuranın XV iclası keçiriləcək. Bu barədə SİA-ya Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Tədbirdə qonaq qismində Belarusun informasiya nazirinin birinci müavini Liliya Ananiç, Rusiya Federasiyasından Nəşr və kütləvi kommunikasiyalar Federal Agentliyinin Dövrü mətbuat İdarəsinin rəis müavini Gennadi Kudiy, MDB müstəqil kitab yayımı Asosassiyasının vitse-prezidenti Anatoli Qorbunov, Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin şöbə müdiri Anastasiya Minayeva da daxil olmaqla 15 nəfərlik nümayəndə heyəti iştirak edəcək.

Məlumat üçün bildirək ki, iclas Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Qeyd edək ki, 1999-u ildə yaradılan MDB İcraiyyə Komitəsi "Dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya" məsələləri üzrə Dövlətlərarası Şuraya ölkəmiz 2005-ci ildən üzv olub və qurumun iclaslarında ardıcıl olaraq fəal iştirak edib. Şura dövri mətbuat, kitab nəşri, kitab yayımı, kitabın təbliği və müdafiəsi, poliqrafiya məsələləri üzrə əməkdaşlıq sahəsində mühüm normativ sənədlər hazırlayır, MDB üzvü ölkələrində göstərilən sahə üzrə birgə tədbirlər müəyyən edir və ölkələr arasında çap məhsulları mübadiləsini tənzimləyir.

Hazırda bu qurumun sədri Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri, əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə