“Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının 25 illiyi qeyd olunub FOTOLAR

"Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının yaranmasının 25 illiyinə həsr olunmuş qurultay keçirilib. SİA-nın məlumatına görə, respublikanın bir sıra tanınmış ictimai-siyasi xadimlərinin, elm, mədəniyyət və incəsənət adamlarınin qatıldığı tədbir "Multikulturalizm ili" çərçivəsində reallaşıb.

Əvvəlcə qonaqlar assosiasiya üzvlərinin monoqrafiyalarının və sənət əsərlərinin yer aldığı kitablardan ibarət sərgiyə baxıblar.

Tədbirdə "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının rəhbəri, professor Fuad Məmmədov çıxış edərək "Multikulturalizm ili" çərçivəsində respublikada gerçəkləşən tədbirlərdən danışıb.

Bildirilib ki, ölkəmizdə multikultural dəyərlər həyatın bütün sahələrində olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də özünü göstərir.

F. Məmmədov rəhbəri olduğu təşkilatın 25 illik fəaliyyətinə nəzər salaraq ötən illərdə görülən işlərdən və təşkilatın gələcək fəaliyyətindən söz açıb. Vurğulanıb ki, respublikamızın mədəniyyət sahəsində ilk qeyri-hökumət təşkilatı olan "Simurq" Azərbaycan Mədəniyyəti Assosiasiyasının fəaliyyətinin əsas məqsədi Azərbaycanın ruhi-əqli və mənəvi mədəniyyətinin inkişafında dövlətə yardım göstərməkdən ibarətdir.

Daha sonra elm, mədəniyyət, sosial və iqtisadi sahələrdə müəyyən nailiyyətlər əldə etmiş insanlar "Simurq" Beynəlxalq mükafatı ilə təltif olunublar.

İştirakçılar tərəfindən səsə qoyulma zamanı assosiasiyanın yeni məclis üzvlərinin və rəyasət heyətinin tərkibi təsdiq olunub, Fuad Məmmədov yenidən təşkilatın sədri seçilib.

Mərasimdə qurultay iştirakçılarının ölkə başçısına ünvanladıqları müraciət oxunub.

Tədbir respublikanın tanınmış ifaçıları tərəfindən konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə