"Formula 1 üzrə Azərbaycan Qran Prisinə hazırlıq işlərinin 90 faizi başa çatıb". SİA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tom Butçer jurnalistlərə açıqlama verib.
O, bildirib ki, pit və komanda binaları, eləcə də qarajlar tam hazırdır: “Tribunalarla bağlı işlərin 95 faizi yekunlaşıb. Qalanlar da növbəti günlərdə tamamlanacaq. Bizi bir həftə sonra çox gözəl yarış gözləyir. Bakı küçələrində sürüclərin mübarizəsinə şahid olacaqsınız. Ötən il olduğu kimi, trekin düşdüyü mərkəzi küçələri bağlayacağıq”.
T.Butçer qeyd edib ki, dəniz və hava yolu ilə gələn bütün yüklər artıq Bakıya çatıb. Onun sözlərinə görə, gələn həftənin əvvəlində Beynəlxalq Avtomobil Federasiyasının rəsmiləri Bakı trekinə baş çəkib, inspeksiya işlərini həyata keçirəcəklər.
"Bu il əyləncə tədbirləri əvvəlkilərdən qat-qat çox olacaq. Ona görə də öz yaxınlarınıza Formula 1-in ən möhtəşəm yarışına şahid olmağa gəlməyi tövsiyyə edə bilərsiniz”, deyə o, əlavə edib.
T.Buçer onu da deyib ki, Bakı treki standartlara uyğundur və yağışlı, eyni zamanda küləkli hava şəraitinə hazırdır.
Xatırladaq ki, 2018 Formula 1 Azərbaycan Qran Prisi aprelin 27-29-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə