"Zaman uzun olmasada görülən işlər çox böyükdür" - İDARƏ RƏİSİ AÇIQLADI

"İlk növbədə Azərbaycan gəncliyi, paytaxt idmançıları, bu sahədə işləyən mütəxəssislər və hakimlər məşqçilər hamımız cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərliyinin növbəti il dönümünü yaşadığımız üçün qürur hissi keçirik". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, cənab Prezidentimizin rəhbərliyi dövründə bütün sahələrdə olduğu kimi gənclər və idman sahəsində də dövrlə səsləşən və yadda qalan yeniliklər baş verib. Belə ki, dövlət gənclər siyasəti ilə bağlı cənab Prezident müvafiq Fərman və Sərəncamlar ilə Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyasını rəhbər tutaraq dövlət gənclər siyasətini ölkənin prioritet istiqamətlərindən birinə çevirdi.

Bu barədə Raqif Abbasov fikirlərini belə izah edib: "Dövlət başçısının dövründə vətənpərvər, vətənini sevən, torpağına bağlı olan, dövlətçiliyə sədaqətlə xidmət edən çoxsaylı vətəndaş formalaşdırıldı. Vətən müharibəsi zamanı məhz Prezidentimizin dövründə boya başa çatmış gənclərimiz döyüş meydanında öz sözünü dedi. Bunlar hamısı cənab Prezidentin ardıcıl apardığı dövlət siyasətinin nəticəsi idi. Bu gün Azərbaycan gəncliyi, demək olar ki, bütün sahələrdə təmsil olunub. Azərbaycanın idarəçiliyində, ölkəmizin daxilində və xaricində Azərbaycanımızı təbliğ edirlər. Gənclərlə bağlı mövcud olan normativ sənədlər, gənclər siyasətinin prioritet istiqaməti olaraq kadr islahatının formalaşması, vətəndaş mövqeyinin cəmiyyətdə özünü təsdiq etməsi üçün yaradılmış şərait dövlətimizi biraz da güclü edir. Belə ki, Prezident Administrasiyasında Gənclər və İdman şöbəsinin mövcudluğu, dövlət gənclər siyasətinə cavabdeh olan Gənclər və İdman Nazirliyinin iş fəaliyyəti, Gənclər Fondunun təsis olunması, Milli Məclisdə Gənclər və İdman komissiyasının mövcudluğu, gənclərin müraciət edə biləcəyi layihələrinin və düşüncələrinin cəmiyyətdə öz sözünü deyə bilməsi üçün var olan aidiyyatı qurumlarımızdır. Gənclər siyasəti ilə bağlı olaraq cənab Prezidentin xüsusi olaraq keçirdiyi multikultural tədbirləri, beynəlxalq simpoziumları, Azərbaycanda "Avrovizya" müsabiqəsinin təşkili, mədəniyyət, elm, təhsil sahəsində, dil sahəsində gənclərimizin özünü təsdiq etməsi üçün müxtəlif layihələrə ölkəmizin ev sahibliyi etməsi Azərbaycan gəncliyi və gələcəyimiz üçün vacib olan istiqamətlərdir. Bu gün Azərbaycan gəncliyi vətənpərvərdir, ölkə Prezidentinin siyasətinə sədaqətlə xidmət edir və Azərbaycanımızın güclənməsi üçün əlindən gələni edir.

Digər sahələrdə olduğu kimi, əlbəttə ki, cənab Prezidentimizin dövründə idman sahəmiz, idman siyasətimiz yeni müstəviyə qədəm qoydu. Belə ki, hörmətli Prezidentimizin həm də Olimpiya Komitəsinin sədri olması Olimpiya hərəkatında canlanmaya səbəb oldu və Pekin, London, Tokyo Olimpiya oyunlarında ölkəmiz çoxlu olimpiya medalları qazandı. Azərbaycan bir çox multikultral idman tədbirlərinə ev sahibliyi etmişdir. "Formula-1" yarışları, "İslam Həmrəylik Oyunları", yeniyetmələrin Olimpiya festivalları, Olimpiya və qeyri-olimpiya idman növləri üzrə dünya və Avropa oyunlarına ev sahibliyi dövlətin gücünün, qüdrətinin əyani göstəricisidir. Bölgələrdə Olimpiya Komplekslərinin fəaliyyət göstərməsi, idmanda kütləviliyin təminatı, Azərbaycanda sağlam həyat təbliğatının aparılması, idmanın Azərbaycanda diqqət mərkəzində olduğunun bariz nümunəsidir. Bu gün digər sahələrdə olduğu kimi idman mütəxəssislərimizin ölkə hüdudlarının kənarında beynəlxalq təşkilatlara rəhbərlik etməsi, beynəlxalq federasiyalarda təmsil olunması Azərbaycanın idman mövqeyinin güclənməsinin əyani sübutudur. Bir daha Prezidentimizin rəhbərlik tarixinə nəzər yetirsək, zaman bir o qədər çox deyil amma görülən işlərin miqyası olduqca böyükdür".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə