"Prezidentin yeni nazirlə söhbəti istiqamətvericidir" - İDARƏ RƏİSİ AÇIQLADI

"İlk növbədə paytaxt, idman ictimaiyyəti adından yeni gənclər və idman naziri Fərid Qayıbovu təbrik edirik. Cənab Prezidentimizin yeni nazirimiz ilə söhbəti zamanı istiqamətverici tövsiyyələri, proqram tipli çıxışı, idman ictimaiyyətinin, idman mütəxəssislərinin fəaliyyəti üçün istiqamətvericidir". Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

Onun sözlərinə görə, cənab Prezidentimizin idmana şəxsi nəzarəti Olimpiya Komitəsinin rəhbəri olaraq bu sahəni peşəkarcasına bildiyi üçün öz çıxışında, xüsusilə, son dövrün nəticələrini nəzərə alaraq verdiyi tövsiyyələri bir daha bizə əsas verdi ki, biz bir çox istiqamətlər üzərində çalışmalıyıq: "Yeni dövlət proqramının hazırlanmasına çalışmalıyıq. Federasiya qrup və cəmiyyətlərlə işin qurulması, əsasən də, gənc nəsilin əvəzedici heyətin formalaşmasını müəyyən etməliyik. Bununla da əlaqədar olaraq, gənc nəslin formalaşdırılması, müxtəlif kütləvi idman yarışlarına, idman qurğularına kütləviliyin təmin olunması, idman ictimaiyyəti üçün həmin qurğulardan istifadə edilməsi, bölgələrdə idman sahəsinə yeni gənc əvəzedici heyətin cəlb edilməsi kimi məsələlər üzərində konseptual düşüncələr, yeni proqramların hazırlanması, federasiya cəmiyyət və klublara tövsiyələrin verilməsi kimi məsələlərə baxılacaq.

Aydındır ki, cənab Prezidentimiz bu fikirləri bildirərkən qarşıdan gələn idman yarışlarında Azərbaycan idmançılarının yüksək nəticələrə nail olunmasına müəyyən tövsiyyələr vermiş olur. Həm də ki növbəti Avropa Oyunlarının, İslam Oyunlarının keçirilməsi, eyni zamanda olimpiya, qeyri-olimpiya idman növlərində Avropa və dünya çempionatlarının keçirilməsindəki nəticələrin stabil göstərilməsi çox vacibdir. Cənab Prezidentin bir neçə fikirində xüsusi olaraq idmançılarımızın qalibiyyəti, cəmiyyətdə artıq qalibiyyətə alışılmasını, vərdiş edilməsini, cəmiyyətin daim idmançılardan qalibiyyət gözləməyini nəzərə alaraq bu məsələyə toxunması bundan sonra da bu dinamikanın, medal qazanma medal əyyarlarının çox olmasına bir işarədir".

Yeni nazir haqqında Raqif Abbasov bu fikirlərini qeyd edib: "Cənab nazir məlumdur ki, uzun illər idman ailəsinin içərisində olan Gimnastika Federasiyasında müxtəlif vəzifələrdə, son dövrlərdə Avropa Gimnastika Federasiyasına rəhbərlik edən şəxsdir. Avropa Oyunlarında, müxtəlif olimpiya oyunlarında gimnastika idman növümüz, məlumdur ki, ənənəvi olaraq stabil lizensiya qazanır. Artıq tək fərdi deyil, komanda şəkilində bizim ölkəmiz təmsil olunur. Qısa zaman kəsiyində gimnastika sahəsində kütləvilik təmin olunub. Bir sözlə, nazirimiz idmanımıza, idman ailəmizə, idman göstəricilərimizə tövsiyələrini vermiş olacaq. Bu, cənab Prezidentin böyük etimadıdır. İdman ailəsi, idman ictimaiyyəti, federasiyalar, cəmiyyət və klublar, idman veteranları adından bir daha nazirimizi təbrik edirik. Hər birimiz öz sahəmizdə, öz yerimizdə olaraq cənab Prezidentin tapşırıqlarının icra olunmasında nazirimizə kömək etməyə hazırıq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə