Millimiz hazırlığın son mərhələsinə başlayıb

Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası çempionata hazırlığını davam etdirib. SİA-nın Azərbaycan Voleybol Federasiyasına istinadən verdiyi məlumata görə, avqustun 1-dən - 7-sinədək Macarıstanda təlim-məşq toplanışı ilə bərabər “Savaria” beynəlxalq turnirində də iştirak edən milli avqustun 8-də Macarıstandan birbaşa Bosniya və Herseqovinaya yola düşüb.

Voleybolçular hazırlıq planına uyğun olaraq təlim-məşqləri Bosniya və Herseqovinada davam edəcəklər.

Vüqar Əliyevin rəhbərlik etdiyi komanda avqustun 16-da Bosniya və Herseqovinada təlim-məşq toplanışına yekun vuracaq və avqustun 17-də çempionatın keçiriləcəyi Serbiyanın Belqrad şəhərinə yollanacaq.

Avropa çempionatının final mərhələsinin A qrupunda yarışacaq Azərbaycan millisi Belçika (20 avqust), Bosniya və Herseqovina (21), Rusiya (22), Serbiya (24) və Fransa (25) ilə qarşılaşacaq.

Azərbaycan yığması “Savaria” turnirində Macarıstan, Niderland və Çexiya ilə qarşılaşıb və hər üç oyunu uduzub.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə