Martın 29-da Berlində sayca 45-ci yarımarafon keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarımarafona 135 ölkədən 41 minədək iştirakçı qatılıb.
Paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edən yarış Brandenburq qapısı önündə başa çatıb. Həm qadınların, həm də kişilərin yarışında ilk üç yerdən ikisinin sahibi keniyalı atletlər olublar. Kişilərin mübarizəsində Andrea Kiptoo (59:11) finişə onunla təqribən eyni vaxtda çatan həmyerlisi Dennis Kipkemoini cüzi fərqlə qabaqlayaraq qalib adını qazanıb. Üçüncü yeri alman atlet Amanal Petros tutub - 59:22.
Qadınlar arasında isə efiopiyalı Likina Amebav yürüşü 1 saat 5 dəqiqə 7 saniyəyə başa vurub. Keniyalı atletlər Daisilah Yerono (65:21) və Veronika Loleo (65:35) müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Berlində qaçış yarışları mövsümünün başlanğıcı olan yarımarafon ənənəvi olaraq paytaxt sakinləri ilə yanaşı, əcnəbi turistlər tərəfindən də böyük maraqla qarşılanır.
Berlin yarımarafonunda kişilər arasında rekord nəticə keniyalı Erik Kiptanuiyə məxsusdur. O, 2018-ci ildə finiş xəttini 58 dəqiqə 42 saniyəyə keçib. Qadınlar arasında da rekordçu keniyalı atletdir. Şeyla Kiprotiç Çepkirui 2022-ci ildəki yarışı 1 saat 5 dəqiqə 2 saniyəyə başa vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB