Payız-qış aylarında hansı balıqlara tələbat artır, təzəsi necə seçilir? - QİDA EKSPERTİ
"Payız-qış mövsümündə dəniz məhsullarına tələbat artır və insanlar balıq məhsullarından daha çox istifadə etməyə çalışırlar. Lakin burada diqqət yetirilməli bir məqam var. Bəzən satışda bir-iki il əvvəl dondurulmuş balıqlara da rast gəlinir".
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.

Onun sözlərinə görə, istehlakçıların ən çox narazılıq etdiyi məsələlərdən biri balıqların daxilində toplanan buz hissəcikləridir. Bu məhsullar çəki ilə satıldıqda istehlakçılar faktiki olaraq balıqla yanaşı, buzun da pulunu ödəmiş olurlar. Distribütor şirkətlər isə bunu bəzən qlazurlanmış məhsul kimi təqdim edirlər:
"Bu məsələdə marketlərin məsuliyyət daşımadığını demək olar. Çünki məsuliyyət birbaşa distribütor şirkətlərin üzərinə düşür. Məsələn, skumbriya və stavrida balıqları xüsusi paketlərdə, qablaşdırılmış formada marketlərin anbarlarına çatdırılır və çəkiləri tərəzi vasitəsilə yoxlanılaraq qəbul edilir. Market əməkdaşlarının hər bir paketi açaraq balıqları yoxlaması, təbii ki, mümkün deyil. Lakin məhsul istehlakçıya satılarkən onun tərkibindəki buz da çəkiyə daxil olur və bu, haqlı narazılığa səbəb olur. Buna görə də distribütor şirkətlər bu məsələdə daha diqqətli olmalıdırlar.
Digər məsələ insanların hansı balıq növlərinə daha çox üstünlük verməsi ilə bağlıdır. İstehlakçılar əsasən yerli balıqlara, xüsusilə Xəzərdə və göllərdə yetişdirilən balıqlara üstünlük verirlər. Bunlara Xəzər sazanı, kütüm, ziyad, göllərdə yetişdirilən xanı balığı və sazan, eləcə də Xəzərdən tutulan kefal daxildir.
İnsanların Xəzərdən tutulan balıqlara üstünlük verməsinin əsas səbəblərindən biri göllərdə yetişdirilən balıqların dadı ilə bağlıdır. Belə ki, bəzi göllərdə balıqların yemlənməsi zamanı problemlər yaranır. Normaya uyğun olmayan yemlərlə bəslənən balıqların dadında da bu özünü göstərir. Sosial şəbəkələrdə göllərə tullantıların, o cümlədən heyvandarlıq fermalarından gələn peyinin töküldüyü hallara da rast gəlirik. Bu kimi hallar istehlakçılarda haqlı narazılıq yaradır və onların Xəzərdən tutulan balıqlara üstünlük verməsinə səbəb olur.
Balıqların satış şəraiti də diqqət yetirilməli məsələlərdəndir. Bu gün balıqların avtomobillərin yük yerlərində, küçələrdə və taxta parçalarının üzərində satıldığını görə bilirik. Belə satış nöqtələrində məhsulların antisanitar şəraitdə saxlanılması halları müşahidə olunur.
İstehlakçılara tövsiyə edərdim ki, saxlama şəraiti və temperatur rejimi normaya uyğun olmayan, antisanitar vəziyyətdə saxlanılan balıqları alıb istehlak etməsinlər. Çünki bunun fəsadlarını sonda istehlakçılar çəkirlər. Buna görə də balıqları normativ tələblərə uyğun fəaliyyət göstərən satış nöqtələrindən almaq daha məqsədəuyğundur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB