"ABŞ-nin Ukraynaya təzyiqi Avropa İttifaqını da təhdid altına salır" - SİYASİ ŞƏRHÇİ

"ABŞ-nin Ukraynaya təzyiqi Avropa İttifaqını da təhdid altına salır" - SİYASİ ŞƏRHÇİ

""Rusiya ilə Ukrayna arasında müharibə ənənəvi formada, yəni tükəndirmə strategiyası çərçivəsində davam etdirilir. Hazırda tərəflər enerji infrastrukturunu daha çox hədəfə alır və bununla da cəbhədəki vəziyyətə təsir etməyə çalışırlar".

Bu sözləri SİA-ya açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirdi ki, danışıqlar prosesi ilə bağlı məsələlər həm də Yaxın Şərqdəki proseslərdən asılı olacaq. Həmçinin bildirildi ki, noyabrın 4-dən sonra üçtərəfli görüşlərin keçirilməsi ilə bağlı məsələyə aydınlıq gələcək:

"Uşakov bununla ABŞ-də keçiriləcək aralıq seçkilərini nəzərdə tuturdu. Belə demokratlar və respublikaçılar arasında Nümayəndələr Palatasına və Senata keçiriləcək seçkilər, təbii ki, ABŞ hökumətinin siyasətinə də təsir edəcək. Xüsusilə də müharibənin davam etdirilməsi məsələsində. Digər tərəfdən, əgər İran müharibəsi davam etdirilərsə, o zaman Rusiya-Ukrayna müharibəsi ilə bağlı ABŞ vasitəsilə aparılan danışıqlar prosesində problemlər yarana, Rusiya-Ukrayna müharibəsi arxa plana keçə bilər.

Eyni zamanda, bilirsiniz ki, Avropa İttifaqı fərqli yanaşma sərgiləyir. Avropa İttifaqının mövqeyi ondan ibarətdir ki, ABŞ-nin Ukraynaya təzyiqi Avropa İttifaqını da təhdid altına salır. Avropa İttifaqı Ukraynanın ərazi güzəştlərinə getməsini heç bir halda qəbul etmək istəmir. Bunu isə belə əsaslandırır: əgər Rusiya Ukraynadan güzəşt əldə edərsə, növbəti mərhələdə Avropa İttifaqı ölkələrinə qarşı hücumlarını davam etdirə bilər. Buna görə də Avropa İttifaqı bütün gücü ilə Ukraynaya hərbi dəstək verir.
Hazırda, bilirsiniz ki, Ukrayna Rusiyanın cəbhədən uzaqda yerləşən bir sıra bölgələrinə, eyni zamanda, Başqırdıstandakı neft emalı müəssisələrinə zərbələr endirib. Bütün bunlar onu deməyə əsas verir ki, yaxın perspektivdə sülhlə bağlı danışıqlar prosesinin müsbət nəticələnməsi ehtimalı azdır. Əksinə, qışa doğru vəziyyət daha da gərginləşəcək və tərəflər qışda məsələni həll etməyə çalışacaqlar".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə