Sürücülük hüququ məhdudlaşdırıldıqda onu bərpa etmək üçün hansı addımlar atılmalıdır? - HÜQUQŞÜNAS AÇIQLADI
Azərbaycanda sürücülük hüququnun məhdudlaşdırılması ilə üzləşən şəxslərin hansı addımları atmalı olduqları maraq doğurur. Belə hallarda cərimələrin ödənilməsi və müvafiq hüquqi prosedurların həyata keçirilməsi məsələsi gündəmə gəlir.
Bəs, sürücülük hüququ məhdudlaşdırıldıqda onu bərpa etmək üçün hansı addımlar atılmalıdır?
Məsələ ilə bağlı hüquqşünas Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda sürücülük hüququ məhdudlaşdırılan şəxs ilk növbədə məhdudiyyətin hansı əsasla və hansı müddətə tətbiq edildiyini müəyyən etməlidir:
"Əgər məhdudiyyət ödənilməmiş inzibati cərimələrlə əlaqədardırsa, şəxs mövcud cərimə borclarını ödəməli və ödənişin sistemdə əks olunmasını yoxlamalıdır. Cərimənin ödənilməsi ilə yanaşı, sürücülük hüququnun məhdudlaşdırılması barədə qərarın hüquqi taleyinin dəqiqləşdirilmək lazımdır. Qanunvericiliyə əsasən, məhdudlaşdırma barədə qərar qəbul edildikdən sonra sürücü 3 iş günü ərzində sürücülük vəsiqəsini müvafiq Dövlət Yol Polisi orqanına təqdim etməlidir. Vəsiqə itirildikdə isə bu müddətdə müvafiq ərizə verilməlidir. Əks halda, məhdudiyyət müddətinin hesablanması dayandırıla bilər. Məhdudiyyət müddəti başa çatdıqdan sonra sürücülük vəsiqəsinin qaytarılması üçün tətbiq olunan qayda ondan ibarətdir ki, hüququ bir il və ya daha az müddətə məhdudlaşdırılmış şəxslərə vəsiqə müddət bitdikdən sonra, məhdudiyyət müddəti bir ildən artıq olduqda isə sürücü praktiki idarəetmə imtahanından uğurla keçdikdən sonra verilir. Qeyd olunanlara əsasən, sürücülük hüququnun bərpası üçün cərimə borclarının ödənilməsi, məhdudiyyətin hüquqi əsasının aradan qaldırılması və qanunla nəzərdə tutulan prosedurların yerinə yetirilməsi tələb olunur. Məhdudiyyət qüvvədə olduğu müddətdə avtomobil idarə etmək qanun pozuntusu hesab edilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB