"Azərbaycan-Ermənistan sülhü qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə möhkəmlənəcək" - POLİTOLOQ

"Azərbaycan-Ermənistan sülhü qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə möhkəmlənəcək" - POLİTOLOQ

"Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində aparılan proseslər Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşdırılması baxımından mühüm siyasi mərhələdir".

Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

Onun sözlərinə görə, tərəflər arasında birbaşa dialoqun davam etdirilməsi, sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar və qarşılıqlı ərazi bütövlüyünün tanınması prinsipi gələcək münasibətlərin hüquqi əsaslarını müəyyənləşdirir:

"Bununla belə, sülh prosesinin uğuru yalnız sənədin imzalanması ilə ölçülməməlidir. Əsas məsələ əldə olunan razılaşmaların praktik müstəvidə icrası, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi və yeni qarşıdurma risklərinin aradan qaldırılmasıdır. Azərbaycanın mövqeyində Ermənistan Konstitusiyasında ərazi iddiaları ilə bağlı narahatlıqların aradan qaldırılması və hüquqi təminatların formalaşdırılması xüsusi yer tutur. Bu məsələlər üzrə razılığın əldə olunması sülhün dayanıqlılığı baxımından əhəmiyyətli olacaq.

Qarşıdakı mərhələdə əsas prioritetlərdən biri sülh prosesinin Azərbaycanın milli təhlükəsizlik və iqtisadi maraqları ilə uzlaşdırılmasıdır. Bu baxımdan Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin, o cümlədən TRIPP layihəsinin reallaşdırılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsi, sərhədlərin delimitasiya və demarkasiyasının yekunlaşdırılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Ermənistanın üzərinə götürdüyü öhdəliklərə əməl etməsi, revanşist çağırışların və qarşılıqlı etimadı zəiflədən addımların qarşısının alınması vacibdir. Regional təhlükəsizlik yalnız hərbi qarşıdurmanın olmaması deyil, həm də iqtisadi qarşılıqlı asılılığın, siyasi dialoqun və hüquqi təminatların formalaşması deməkdir. Azərbaycan üçün əsas məsələ sülhün suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslanması, əldə edilmiş nəticələrin davamlı hüquqi və siyasi mexanizmlərlə qorunmasıdır".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə