"Bu gün bir çox insan daha çox öz şəxsi maraqlarını və məqsədlərini ön plana çəkir" - SOSİOLOQ
"Son illər cəmiyyətimizdə milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissəsi olan sosiallaşma, ətrafımızda baş verən hadisələrə emosional münasibət göstərmək, insanlara yardım əlini uzatmaq və başqalarının ağrı-acısına şərik olmaq kimi xüsusiyyətlərin zəiflədiyi müşahidə olunur".
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov bu barədə SİA-ya açıqlamasında bildirib ki, xüsusilə son 30 ildə dünyaya gələn nəsil arasında bu məsələlərə münasibətdə müəyyən soyuqluq hiss edilir. İnsanlar artıq bir-birinin dərdinə şərik olmaq, çətin anlarda həmrəylik nümayiş etdirmək və qarşılıqlı dəstək göstərmək məsələlərində əvvəlki qədər həssas davranmırlar. Bu soyuqluq isə tədricən laqeydliyə çevrilir:

"Müasir dövrün Z nəslinə nəzər saldıqda, bəzən onların texnologiya ilə həddindən artıq bağlılığının insani münasibətlərə təsir etdiyini görürük. Hətta valideynini itirmiş uşaqların yas mərasimində belə Wi-Fi axtarması, telefonlarını enerji ilə təmin etmək üçün yer axtarması bu vəziyyətin düşündürücü nümunələrindəndir. Halbuki əvvəlki dövrlərdə cəmiyyətdə baş verən hadisələrə münasibət tamamilə fərqli idi. İnsanlar toyda, yas mərasimlərində və digər məclislərdə bir-birinə kömək edir, yardımlaşmağı mənəvi borc hesab edirdilər. Heç kim ehtiyacı olan insana kömək əlini uzatmaqdan çəkinmirdi.
Təəssüf ki, bu dəyərlərin bir qismi artıq keçmişdə qalıb. Bu gün insanların bir çoxu ətrafında baş verən hadisələrə yardım etməklə deyil, telefonla çəkiliş aparmaqla reaksiya verir. Bəziləri isə baş verən hadisələri sosial şəbəkələrdə paylaşaraq izlənmə və reytinq qazanmağa çalışır. Əlbəttə, cəmiyyətimizdə mərhəmət və xeyriyyəçilik aksiyaları keçirən, uşaq evlərinə, qocalar evlərinə baş çəkərək ehtiyacı olan insanlara yardım göstərən şəxslər də var. Lakin təəssüf ki, bu cür təşəbbüslərin və insanların sayı arzuolunan səviyyədə deyil.
Bu gün bir çox insan daha çox öz şəxsi maraqlarını və məqsədlərini ön plana çəkir. Hətta qonşuluq münasibətlərində belə ciddi dəyişikliklər müşahidə olunur. Qonşu binada və ya yaxınlıqda hər hansı hadisə baş verəndə insanlar bundan yalnız polis və ya digər aidiyyəti qurumların müdaxiləsi zamanı xəbər tuturlar. Halbuki gündəlik həyatda bir-birinə salam verməyən, ünsiyyət qurmayan qonşuların sayı az deyil.
Bir müddət əvvəl xəstəxanada olduğum zaman yaşlı insanların kimsəsizliyinin şahidi oldum. Onların bir çoxu tibb bacılarının və həkimlərin qayğısına möhtac vəziyyətdə idi. Yaxınları tərəfindən axtarılan, ziyarət edilən yaşlı insanların sayı isə çox az idi. Bu gün Bakı şəhərində və rayonlarımızda bəzi yaşlı insanlar öz mənzillərində kimsəsiz şəkildə dünyalarını dəyişirlər və onların vəfatından qonşular yalnız müəyyən müddət keçdikdən sonra xəbər tuturlar.
Əvvəllər yas mərasimlərində insanlar saatlarla bir-birinin yanında olur, dərdini bölüşür, ailənin kədərinə şərik çıxırdılar. İndi isə bəzən insanlar cəmi bir-iki saat mərasimdə iştirak edir, ehsan yeyib, çay içdikdən sonra sağollaşaraq oradan ayrılırlar. Təbii ki, bu, hər kəsə aid deyil. Lakin ümumi tendensiya kimi cəmiyyətdə müşahidə olunan laqeydlik ciddi narahatlıq doğurur.
İnsanlar arasında bu cür münasibətlərin güclənməsi gələcəkdə bütövlükdə cəmiyyətin sosial problemlərinin dərinləşməsinə səbəb ola bilər. Çünki həmrəylik və qarşılıqlı dəstək hissinin zəifləməsi insanların gələcəkdə hər hansı çətinlik və ya böhran qarşısında birləşməsini də çətinləşdirir.
Bu baxımdan Çində baş vermiş bir hadisəni xüsusi qeyd etmək istərdim. Kimsəsiz iki gənc evlənərkən sosial şəbəkələrdə toy mərasimlərinə cəmi iki masalıq qonaqlarının belə olmadığını bildiriblər. Bu paylaşım qısa müddətdə geniş yayılıb və minlərlə insan həmin kəndə gələrək toyda iştirak edib. Onlar yeni evlənənlərə müxtəlif hədiyyələr təqdim edib, maddi və mənəvi dəstək göstəriblər. Bu hadisə cəmiyyətdə həmrəyliyin, mərhəmətin və yardımlaşmanın nə qədər böyük gücə malik olduğunu bir daha nümayiş etdirir.
Belə nümunələrin Azərbaycanda da olmaması üçün həm cəmiyyət, həm də hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. İnsanlar arasında sosiallaşmanın gücləndirilməsi, yardımlaşma ənənələrinin bərpası, mərhəmət və həmrəylik aksiyalarının təşkili vacibdir. Unutmamalıyıq ki, milli-mənəvi dəyərlər yalnız sözlə qorunmur, onlar gündəlik davranışlarımızda, bir-birimizə münasibətimizdə və çətin anlarda göstərdiyimiz dəstəkdə yaşadılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB