Evdən onlayn satış həyata keçirmək üçün hansı hüquqi tələblər var ? -HÜQUQŞÜNAS DANIŞDI

Evdən onlayn satış həyata keçirmək üçün hansı hüquqi tələblər var ? -HÜQUQŞÜNAS DANIŞDI

”Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir”.

Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas, Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.

Onun sözlərinə görə, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz:

”Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi ) ibarət olacaqdır.
Qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən əldə olunan gəlir vergidən azaddır.
Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə uçota alınmaq üçün ərizənin verilməməsi 40 manat məbləğində maliyyə sanksiyasının tətbiqinə əsas olur: "Eyni zamanda qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin Konstitusiya borcudur.
Bununla yanaşı, qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifərlərinə aid edilir.
Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün, ancaq bir ildən çox olmamaq şərti ilə, vergi ödəyicisindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə