Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb - FOTOLAR

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 6-cı ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən Abad məhəllələrarası “Zəfərlə İrəli” mini futbol turnirinə yekun vurulub.

SİA xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, “Bakı 2026 - Dünyanın İdman Paytaxtı” seçilməsi ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində 2014-2015-ci il təvəllüdlü yeniyetmələr arasında rayon və şəhər olmaqla 2 mərhələdən ibarət futbol yarışmasının əsas məqsədi yeniyetmə və gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, onlarda sağlam həyat tərzinin təşviq edilməsi və idmanla məşğul olmağa cəlb edilməsidir.

Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki mini-futbol stadionlarında təşkil edilən yarışlar olimpia sistemi üzrə keçirilib və yarışda ümumilikdə 1300-ə yaxın yeniyetmə idmançının yer aldığı 112 komanda iştirak edib.

Turnirin birinci mərhələsi oktyabrın 30-na kimi paytaxt rayonlarında yekunlaşıb, daha sonra isə rayon turlarının qalibləri Bakı şəhər mərhələsində yarışıblar.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə final oyunları ilə yekun vurulub. Tədbirin əvvəlində populyar müğənni Elnarə Xəlilova və “Döngə” qrupu iştirakçılar qarşısında çıxış ediblər. Rəsmi açılış mərasimindən sonra final oyunu keçirilib.

Final oyununda Nizami rayonunun komandası Qaradağ rayonunun komandası görüşüblər. 4 - 3 hesabı ilə qalib gələn Nizami rayonunun komandası turnirin qalibi olub. Üçüncü yerə Xəzər rayonunun komandası çıxıb.

Turnirin qalibləri Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbirin sonunda atəşfəşanlıq keçirilib və xatirə şəkli çəkdirilib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə