"İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda tamamilə fərqli siyasi reallıq yarandı" - DEPUTAT
"44 günlük Vətən müharibəsi Azərbaycan tarixində yalnız hərbi Qələbə deyil, eyni zamanda regionun siyasi və geosiyasi arxitekturasını dəyişdirən mühüm tarixi hadisədir. 2020-ci ilin payızında Azərbaycan döyüş meydanında qazandığı üstünlüyü diplomatik nəticəyə çevirməklə Cənubi Qafqazda onilliklər ərzində mövcud olmuş qüvvələr nisbətini əsaslı şəkildə dəyişdi. Bu Qələbənin arxasında isə təsadüflər deyil, uzun illər ərzində həyata keçirilmiş məqsədyönlü dövlət siyasəti, güclü iqtisadi potensial, müasir ordu quruculuğu və düşünülmüş diplomatik strategiya dayanırdı".
Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, ilk növbədə qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın hərbi və iqtisadi qüdrətinin artırılması idi:
"Enerji layihələrindən əldə olunan iqtisadi imkanların mühüm hissəsinin müdafiə potensialının gücləndirilməsinə yönəldilməsi, ordunun müasir silah sistemləri ilə təchiz edilməsi, peşəkar hərbi kadrların hazırlanması və yeni döyüş taktikalarının tətbiqi müharibənin nəticələrinə ciddi təsir göstərdi. Xüsusilə pilotsuz uçuş aparatlarından, dəqiq zərbə vasitələrindən və çevik hərbi manevrlərdən istifadə müasir müharibə anlayışına yeni yanaşmanın nümayişi oldu.
Lakin Azərbaycanın uğurunu yalnız hərbi-texniki üstünlüklə izah etmək doğru olmazdı. Burada xalqın milli birliyi, ordunun döyüş ruhu, siyasi rəhbərliyin qətiyyəti və cəmiyyətin vahid məqsəd ətrafında səfərbər olması həlledici amillərdən idi. Azərbaycan xalqı həmin 44 gündə sübut etdi ki, torpaq məsələsi sadəcə ərazi mübahisəsi deyil, milli ləyaqət, tarixi ədalət və dövlət suverenliyi məsələsidir.
Diplomatik müstəvidə də Azərbaycan uzun illər ərzində ardıcıl fəaliyyət göstərmişdi. Ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstək, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri, müxtəlif beynəlxalq təşkilatların qəbul etdiyi sənədlər Azərbaycanın mövqeyinin hüquqi əsaslarını möhkəmləndirirdi. Prezident İlham Əliyevin müharibə dövründə beynəlxalq mediaya verdiyi müsahibələr, xarici siyasi təzyiqlərə qarşı nümayiş etdirdiyi prinsipial mövqe və diplomatik fəallıq informasiya mübarizəsinin də mühüm tərkib hissəsinə çevrildi.
Ən vacib məqamlardan biri isə odur ki, Azərbaycan hərbi uğurlarını konkret siyasi nəticələrlə tamamladı. Şuşanın azad edilməsi müharibənin gedişində dönüş nöqtəsi oldu, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatı isə Ermənistanın Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmasını təmin etdi. Müharibədən sonra Cənubi Qafqazda tamamilə fərqli siyasi reallıq yarandı. Əvvəllər regionun təhlükəsizlik gündəliyində əsas yeri işğal və onun nəticələri tuturdusa, yeni mərhələdə sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılması, iqtisadi inteqrasiya və sülh münasibətlərinin qurulması məsələləri ön plana çıxdı. Azərbaycanın regional nəqliyyat və enerji layihələrində mövcud rolu yeni geosiyasi şəraitdə daha böyük strateji əhəmiyyət qazandı.
Digər mühüm nəticə ondan ibarətdir ki, müharibə regionda uzun müddət dəyişməz hesab edilən status-kvonun davamlı olmadığını göstərdi. Azərbaycan hərbi və diplomatik imkanlarını birləşdirərək beynəlxalq münasibətlərdə öz mövqeyini gücləndirdi. Türkiyənin Azərbaycana siyasi dəstəyi, Rusiyanın vasitəçilik rolu və digər güc mərkəzlərinin prosesə münasibəti də Cənubi Qafqazın geosiyasi əhəmiyyətini yenidən gündəmə gətirdi.
2023-cü ilin sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyini bərpa etməsi isə 2020-ci ildə yaranmış yeni reallıqların sonrakı mərhələsi oldu. Bu gün əsas məsələ həmin tarixi Qələbənin nəticələrinin uzunmüddətli təhlükəsizliyə, dayanıqlı sülhə və iqtisadi inkişafa çevrilməsidir. Çünki müharibədə əldə olunan nəticələrin siyasi davamlılığı yalnız hərbi güclə deyil, həm də diplomatiya, iqtisadi dayanıqlılıq və regional əməkdaşlıqla təmin olunur. 44 günlük Vətən müharibəsinin əsas geosiyasi nəticəsi budur: Azərbaycan regionda mövcud vəziyyətin dəyişdirilməsində həlledici rol oynayan, yeni siyasi və iqtisadi proseslərin formalaşmasına birbaşa təsir göstərən dövlətə çevrildi. Bu, təkcə hərbi Qələbənin deyil, uzunmüddətli dövlət strategiyasının nəticəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB