"Danışıqlar nəticəsiz qalsa, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti yaranır" - ŞƏRH

"Danışıqlar nəticəsiz qalsa, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti yaranır" - ŞƏRH

"İsraildə keçirilən parlament seçkiləri ölkədə ciddi siyasi qeyri-müəyyənlik yaradıb. Oktyabrın 27-də baş tutan seçkilərin artıq açıqlanmış yekun nəticələrinə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok 53, müxalifət düşərgəsi isə 48 mandat qazanıb".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, ərəb partiyaları 19 mandat əldə ediblər:

"Bu nəticələr göstərir ki, Netanyahu seçkilərdə siyasi üstünlüyünü müəyyən qədər qorusa da, hökuməti təkbaşına formalaşdırmaq üçün zəruri parlament çoxluğunu əldə edə bilməyib. İsrailin parlamenti – Knesset 120 deputatdan ibarətdir. Sabit parlament çoxluğu üçün 61 mandat tələb olunur. Hüquqi baxımdan hökumətin formalaşdırılması prosesi prezidentin parlamentdə təmsil olunan siyasi qüvvələrlə məsləhətləşməsindən və hökumət qurmaq səlahiyyətini müvafiq namizədə verməsindən başlayır.

Bəs, hazırkı vəziyyətdə məsələ necə tənzimlənə bilər? Netanyahu digər siyasi qüvvələrlə razılığa gələrək yeni koalisiya hökuməti formalaşdıra və hakimiyyətini davam etdirə bilər. Digər siyasi qüvvələr Netanyahu ilə koalisiyaya qarşıdırlar. Və ya müxalifət lideri Qadi Ayzenkot müxtəlif siyasi qüvvələrin, o cümlədən ərəb partiyalarının dəstəyi ilə alternativ hökumətin yaradılmasına nail olur.

Hər iki variant alınmasa yəni koalisiya danışıqları nəticəsiz qalsa, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi zərurəti yaranır.

Burada mühüm siyasi məqam ondan ibarətdir ki, seçkilər yalnız hökumətin tərkibini deyil, İsrailin gələcək təhlükəsizlik və xarici siyasət kursunu da müəyyənləşdirə bilər. Xüsusilə Fələstin məsələsi, Qəzza münaqişəsinin nəticələri, İranla münasibətlər və ABŞ ilə strateji əməkdaşlıq yeni hökumətin qarşısında duran əsas məsələlər olacaq".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə