"İsraildə seçkilərdən sonra koalisiya danışıqlarının aparılması gözlənilir" - ŞƏRH EDİLDİ

"İsraildə seçkilərdən sonra koalisiya danışıqlarının aparılması gözlənilir" - ŞƏRH EDİLDİ

"İsraildə keçirilən seçkilərin nəticələri artıq bəllidir. Təbii ki, heç bir tərəf mütləq çoxluğu əldə edə bilməyib".

Bunu SİA-ya açıqlamasında siyasi ekspert Azər Həsrət deyib.

Siyasi eksperti sözlərinə belə davam edib:

"Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyası birinci yerə çıxıb. Lakin onun koalisiyada iştirak edən digər siyasi qüvvələrlə birlikdə belə hökuməti formalaşdırmaq üçün kifayət qədər səsi yoxdur.

Buna baxmayaraq, düşünürəm ki, İsrail dövləti məsələləri taleyin öhdəsinə buraxmayacaq. Siyasi qüvvələr arasında danışıqlar aparılacaq və razılıq əldə olunacaq. Hətta hazırda 19 mandat qazanmış ərəb partiyaları birliyinin Likud Partiyası və Netanyahu ilə birlikdə hökumətin formalaşdırılmasında iştirak etməsi ehtimalı da var. Əlbəttə, bu variant istisna edilmir.

Ümumiyyətlə, İsrailin siyasi sistemi elə qurulub ki, hakimiyyətə gəlmək üçün mütləq çoxluğun əldə olunması bəzən vacib olmur. Çünki siyasi qüvvələr həm dövləti, həm də xalqı düşünərək ortaq məxrəcə gələ bilirlər.

Bu baxımdan hesab edirəm ki, hazırkı baş nazir Benyamin Netanyahu böyük ehtimalla vəzifəsini qoruyub saxlaya biləcək. Prezidentin tapşırığı ilə hökuməti formalaşdıracaq və İsrail onun rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.

Əgər bu baş verməsə və proseslər uzansa belə, İsrailin ciddi problemlərlə üzləşəcəyi gözlənilmir".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə