"Tarixi Zəfər milli yaddaşımızda və Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlişində mühüm mərhələdir" - DEPUTAT
"Bu günlərdə əldə etdiyimiz tarixi Zəfəri qiymətləndirərkən, bir daha qələbəni necə qazandığımızla bağlı milli yaddaşımızı yeniləməliyik. Eyni zamanda, bu qələbənin Azərbaycan xalqına və Azərbaycan dövlətinə nə qədər böyük dəyərlər qazandırdığını, dövlətimizin beynəlxalq münasibətlər sistemində rolunun və nüfuzunun necə artdığını bir daha nəzərdən keçirməliyik".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, əldə etdiyimiz qalib dövlət statusunu həm milli düşüncə, həm də beynəlxalq münasibətlər kontekstində yenidən dünyaya təqdim etməliyik:
"Tarixi Zəfər yalnız döyüş meydanında qazanılmış qələbə deyil. Doğrudur, biz əslində 1992-ci ildə deyil, 1921-ci ildə deyil, hələ 1805-ci ildə itirdiyimiz Qarabağı 44 günlük müharibədə geri qaytarmağı bacardıq. Çünki Qarabağ xanlığı 1805-ci ildə Kürəkçay müqaviləsi ilə Çar Rusiyasının tərkibinə verilmişdi. Ona görə də qələbəmizin tarixi dərinliyini bir daha dərk etmək üçün Qarabağ ətrafında cərəyan edən proseslərin tarixi köklərinə enməliyik. Məhz bu zaman 44 gün ərzində nə qədər böyük bir qələbə qazandığımızı yenidən dərk edə bilərik.
Ona görə də hesab edirəm ki, bu Zəfər günləri Azərbaycan xalqının haqq etdiyi bayram əhval-ruhiyyəsində qeyd olunmaqla yanaşı, həm də tarixi yaddaşımızın yenilənməsi, milli düşüncəmizə tarixi Zəfərimizin elmi əsaslarla aşılanması kontekstində keçirilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB