"Bu bölgədə sülhün, perspektivin və inkişafın alternativi yoxdur" - ŞƏRH

"Bu bölgədə sülhün, perspektivin və inkişafın alternativi yoxdur" - ŞƏRH

"Sülh sazişinin imzalanmasına maneçilik törədən bəzi siyasi və geosiyasi amillər var. Siyasi amillər əsasən Ermənistanın daxilindən qaynaqlanır. Ermənistan Konstitusiyası ilə bağlı irəli sürülən tələb hələ yerinə yetirilməyib". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu Konstitusiya dəyişdirilmədiyi təqdirdə isə sülh sazişinin imzalanması Azərbaycana sərf etmir:

"Buna görə də Konstitusiyanın dəyişdirilməsi hazırda sülh sazişinin imzalanmasını sürətləndirə biləcək ən böyük daxili siyasi amildir. Eyni zamanda, Ermənistan daxilində sülh sazişinin imzalanmasına mane olmaq istəyən müəyyən siyasi qüvvələr var. Həmin siyasi qüvvələr həm müharibədəki məğlubiyyətlərinin əvəzini çıxmaq, həm də Paşinyan hakimiyyətini cəzalandırmaq üçün sazişin imzalanmasını mümkün qədər gecikdirməyə çalışırlar.

Tez-tez müxtəlif müddəalar ortaya atılır. Azərbaycanın delimitasiya prosesində guya torpaq ələ keçirməsi, Ermənistan-Azərbaycan sərhədində bəzi ərazilərin Azərbaycan tərəfindən zəbt olunması kimi əfsanəvi iddialar uydururlar ki, sazişin imzalanmasını uzatsınlar və bu uzadılmış müddət ərzində Ermənistan cəmiyyətində sülh sazişinə qarşı güclü bir dalğa yarada bilsinlər.

Hazırda ən böyük siyasi maneçilik Ermənistanın daxilindən qaynaqlanan amillərlə bağlıdır. Eyni zamanda, müəyyən geosiyasi faktorlar da var. Burada ilk növbədə Rusiyanın sülh sazişinin imzalanmasına ürəkdən razılıq verməməsi ən böyük faktor sayılır. Çünki sülh sazişinin imzalanması bu bölgədə Ermənistanın daha müstəqil və Qərbyönümlü siyasət aparmaq imkanlarını genişləndirəcək.

Azərbaycan üçün isə vəziyyət fərqlidir. Çünki Azərbaycan hətta müharibə dövründə də apardığı siyasətdə bu günə qədər mahiyyət etibarilə ciddi dəyişiklik etməyib. Amma sülh sazişinin imzalanması Ermənistan üçün hava və su kimi lazımdır ki, müharibə vəziyyətindən xilas olaraq Qərb ölkələrinə yaxınlaşmaq fürsəti əldə etsin.

Buna görə də Rusiya və İran mümkün qədər sazişin imzalanmasına maneçilik törətməyə çalışırlar. Düzdür, Rusiya və İranın sazişin imzalanmasına birbaşa maneçilik göstərən addımları yoxdur. Təbii ki, onlar bunu birbaşa addımlarla etmirlər, amma müəyyən pərdəarxası diplomatik üsullarla sazişin imzalanmasını gecikdirməyə çalışırlar. Amma sülh sazişinin imzalanması, əlbəttə ki, bütövlükdə bu bölgədə uzun müddət üçün təhlükəsizliyin və sabitliyin təminatı deməkdir.

Təbii ki, bu şəraitdə bölgə dövlətləri həm daxili problemlərin həllində mühüm nailiyyətlər əldə edəcəklər, həm də bölgənin dünyanın ən müxtəlif geosiyasi istiqamətləri ilə inteqrasiyası yönümündə daha sərbəst addımlar ata biləcəklər. Bu bölgədə sülhün, perspektivin və inkişafın alternativi yoxdur".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə