"Süni intellekt yeni əmək bazarı imkanları da yaradacaq" - İQTİSADÇI

"Süni intellekt yeni əmək bazarı imkanları da yaradacaq" - İQTİSADÇI

"Süni intellektin iqtisadiyyata tətbiqi yaxın illərdə əmək bazarında ciddi dəyişikliklərə səbəb olacaq. Bu proses bir sıra peşələr üzrə iş yerlərinin azalmasına, bəzi ixtisasların məzmununun dəyişməsinə və yeni peşə istiqamətlərinin formalaşmasına gətirib çıxaracaq".

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, ilk növbədə, gündəlik təkrarlanan əməliyyatlarla məşğul olan sahələrdə işçi qüvvəsinə tələbatın azalacağını gözləyirəm:

"Mühasibat uçotunun ilkin əməliyyatları, məlumatların sistemə daxil edilməsi, standart hesabatların hazırlanması, banklarda kredit müraciətlərinin ilkin təhlili, çağrı mərkəzlərinin fəaliyyəti, sənədlərin çeşidlənməsi və standart tərcümə xidmətləri süni intellekt vasitəsilə daha sürətli və daha az xərclə həyata keçirilə biləcək. Bu dəyişiklik xüsusilə bank, sığorta, maliyyə, hüquq, ticarət, logistika və inzibati idarəetmə sahələrində hiss olunacaq. Müəssisələr eyni iş həcmini daha az əmək resursu ilə yerinə yetirmək imkanları əldə edəcəklər. Nəticədə bəzi vəzifələrə ehtiyac azalacaq, işçilərdən tələb olunan bacarıqlar dəyişəcək. Digər tərəfdən isə süni intellekt yeni əmək bazarı imkanları da yaradacaq. Süni intellekt mühəndisləri, məlumat analitikləri, kibertəhlükəsizlik mütəxəssisləri, rəqəmsal transformasiya məsləhətçiləri, robototexnika mühəndisləri, AI sistemlərinin auditini və təhlükəsizliyini həyata keçirən mütəxəssislər daha çox tələb olunacaq. Eyni zamanda, süni intellektin tətbiqi ilə bağlı hüquqi tənzimləmə, məlumatların qorunması, etik standartlar və risklərin idarə edilməsi üzrə yeni ixtisaslara ehtiyac yaranacaq.

Azərbaycan iqtisadiyyatı üçün bu prosesin xüsusi əhəmiyyəti var. Bank sektorunda kredit risklərinin təhlili, sığorta sahəsində risklərin qiymətləndirilməsi, dövlət idarəçiliyində məlumatların emalı, sənayedə istehsal proseslərinin avtomatlaşdırılması və kənd təsərrüfatında məhsuldarlığın proqnozlaşdırılması süni intellektin tətbiq oluna biləcəyi istiqamətlərdir. Qiymətləndirmə və konsaltinq sahəsində də ciddi dəyişikliklər gözlənilir. Süni intellekt bazar məlumatlarını toplaya, müqayisəli təhlillər apara, maliyyə modelləri qura və hesabatların ilkin layihələrini hazırlaya biləcək. Bu, xidmətlərin göstərilmə müddətini və əməliyyat xərclərini azaldacaq. Eyni zamanda, peşəkar ekspertiza, məlumatların düzgün şərhi, metodologiyanın seçilməsi, nəticələrin əsaslandırılması və ekspert məsuliyyəti daha böyük əhəmiyyət qazanacaq.

Mən hesab edirəm ki, gələcək əmək bazarında üstünlük süni intellektdən istifadə etməyi bacaran, öz peşə biliklərini texnoloji imkanlarla birləşdirən mütəxəssislərdə olacaq. Sadəcə diplom və əvvəlki iş təcrübəsi gələcəkdə rəqabət qabiliyyətini qorumaq üçün kifayət etməyə bilər. Analitik düşüncə, problem həll etmək, strateji qərarlar qəbul etmək, ünsiyyət və texnologiyadan düzgün istifadə bacarıqları daha yüksək qiymətləndiriləcək. Təhsil proqramları əmək bazarının gələcək tələblərinə uyğunlaşdırılmalı, peşə təhsili və ixtisasartırma imkanları genişləndirilməli, mövcud işçilərin yeni bacarıqlar əldə etməsi üçün real mexanizmlər yaradılmalıdır. Əks halda, texnoloji inkişafla əmək bazarının uyğunlaşma sürəti arasında fərq yaranacaq və bu, işsizlik və sosial bərabərsizlik risklərini artıra bilər.

Süni intellekt iqtisadi məhsuldarlığı artırmaq, xidmətlərin keyfiyyətini yüksəltmək və yeni biznes imkanları yaratmaq potensialına malikdir. Lakin bu imkanlardan səmərəli istifadə etmək üçün texnologiyaya investisiya ilə yanaşı, insan kapitalına da investisiya qoyulmalıdır. Gələcəyin iqtisadiyyatında ən böyük üstünlük texnologiyanı peşəkar bilik, təcrübə və məsuliyyətlə birləşdirə bilən insanlarda olacaq".

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə