Gəncədə veteran futbolçular arasında turnir təşkil olunacaq

Azərbaycanda keçiriləcək III MDB Oyunlarından əvvəl Gəncədə veteran futbolçular arasında turnir təşkil olunacaq. Bu barədə SİA-ya Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məlumat verib.

O, turnirdə bir neçə komandanın iştirakının nəzərdə tutulduğunu bildirib:

“Sentyabrda Azərbaycanda III MDB Oyunları keçiriləcək. Gənclər və idman naziri Fərid Qayıbov bu yarışdan öncə veteran futbolçular arasında beynəlxalq turnir təşkil etməyimizi istədi. Nazir təşkilatçılıqla bağlı bizə dəstək göstəriləcəyini bildirdi. Yarışda 8 komandanın iştirakını nəzərdə tutmuşuq. Bununla bağlı siyahı hazırlamışıq və reqlamenti müəyyənləşdirməyə başlamışıq. Turniri iyunda Gəncədə keçirmək istəyirik. Artıq Belarus, Gürcüstan və Rusiya razılıq verib. Türkiyənin veteran futbolçularını da dəvət etmək niyyətindəyik. Bu məsələlərdə AFFA-nın yeni rəhbərliyi də bizə dəstək göstərir”.

Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə