"Reytinq xalları hər il 50% azalacaq və hər iki illik dövrün sonunda sıfırlanacaq" - Baş katib AÇIQLADI

"Taekvondo üzrə yığma komandamız öz potensialını ilin ilk yarışlarında göstərdilər". Bunu SİA-ya Azərbaycan Taekvondo Federasiyasının baş katibi Rüstəm Bağırlı bildirib.

O, taekvondo üzrə Azərbaycan millisinin il başlayandan uğurlu nəticələrini şərh edib.

Qurum rəsmisi bildirib ki, 8-16 fevral tarixlərində Türkiyənin Antalya şəhərində keçirilən “Turkish Open” yarışında böyüklər 4 bürünc , gənclər 3 qızıl, 1 gümüş 2 bürünc, yeniyetmələr 1 gümüş, parataekvondoçularımız 1 bürünc medal qazanıblar: "Yarış ilk dəfə olaraq Daedo Gen 3 sistemi üzrə keçirilirdi. Paralel olaraq yeniyetmələrdən ibarət olan yığma komanda 11-12 tarixlərində Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open”da iştirak edərək iki qızıl, bir gümüş, 3 bürünc medal əldə etdilər. Bu nəticələr onu deməyə əsas verir ki, yığma komandamız ilin əsas yarışlarında yüksək nəticə əldə etmək imkanına malikdir".

Bağırlı hımçinin Dünya Taekvondo Federasiyasının Paris-2024 Yay Olimpiya Oyunlarından sonra Olimpiya reytinq xalları dövrünü iki illik dövrə dəyişdirilməsinə də münasibət bildirib: "Yeni sistemə əsasən, reytinq xalları hər il 50% azalacaq və hər iki illik dövrün sonunda sıfırlanacaq. Birinci mərhələ 2024-cü ilin iyulundan 2026-cı ilin iyununadək, ikinci mərhələ isə 2026-cı ilin iyulundan 2028-ci ilin iyununa qədər dövrü əhatə edəcək. 2028-ci ilin yanvarında açıqlanacaq olimpiya reytinqinə əsasən hər çəki kateqoriyasında ilk beş yeri tutan idmançı birbaşa olaraq Los-Anceles Olimpiadasına vəsiqə qazanacaq. Bu dəyişiklik Beynəlxalq Olimpiya Komitəsinin daha ədalətli və dinamik sıralama sisteminin yaradılması ilə bağlı tövsiyəsinə uyğunlaşıdırılıb".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə